BAKI, 22 may. TELEQRAF

Bu gündən etibarən Mexiko şəhəri növbəti WUF-a hazırlığa başlayır.

Teleqraf xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

O bildirib ki, WUF13-dən ilhamlanaraq onun bazasına istinad ediləcək.

"Biz bir daha gənc Azərbaycan xalqının qonaqpərvərliyinə şahid olduq. Gənc qadınlar və kişilər bizə bələdçilik edir, fikir mübadiləsi aparmaq üçün addımlarımıza yön verir, Meksika timsalında isə qeydlər aparırdılar və siz bunun səbəbini bilirsiniz. Bizə bələdçilik etdiyi və burada mənalı bir iştirak təmin etdiyimiz üçün "UN-Habitat"a (BMT-nin İnsan Məskənləri Proqramı) da təşəkkürümüzü bildiririk.

​Bu gün günortadan sonra Meksika WUF14-ə (14-cü Ümumdünya Şəhərsalma Forumu) doğru gedən yola başlayacaq. Həmkarlarım bu tapşırığı öz "çamadanlarına qoyub" dərhal geri qayıdırlar. Onların məqsədi bu forumu bu gün başa çatan forum kimi uğurlu etmək üçün möhkəm bir öhdəlik götürməkdir. Mexiko şəhər rəhbərliyindən olan həmkarlarım "UN-Habitat" ilə birlikdə WUF14-ün modelləşdirilməsi üçün çərçivələrin, idarəetmə modellərinin, strateji nöqtələrin müəyyənləşdirilməsi və bütün digər ağır işlərin görülməsi istiqamətində koordinasiyaya başlayacaqlar.

​Onlar müvafiq maraqlı tərəflərlə birlikdə çalışacaqlar. Bütün bu həyəcanla, WUF14 düz 14 ildən sonra yenidən Latın Amerikasına qayıdacaq. Xatırlayırsınızsa, WUF7 Kolumbiyanın Medellin şəhərində keçirilmişdi. Lakin biz onu da nəzərə almalıyıq ki, WUF14, 2030-cu ildən əvvəlki sonuncu forum olaraq böyük bir öhdəliyə sahib olacaq. Növbəti WUF qarşıya önəmli məqsədlər qoyur", - o vurğulayıb.