BAKI, 22 may. TELEQRAF

İran və ABŞ arasında müzakirə olunan saziş layihəsində Tehranın müəyyən şərtlərə əməl etməsi müqabilində Amerika sanksiyalarının ləğvi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” müvafiq sənədə istinadla məlumat yayıb.

Vaşinqtonun gələcək razılaşma çərçivəsində İran əleyhinə məhdudiyyətləri tədricən aradan qaldırmağa hazır olduğu, amma bunun müqabilində Tehranın ikitərəfli razılaşmanın bütün şərtlərinə ciddi şəkildə əməl etməsi tələb olunduğu bildirilir.

Səudiyyə Ərəbistanı telekanalının açıqlamasına görə, ABŞ və İran arasında mümkün imzalanan sazişdə hər iki tərəfin hücumları infrastruktur obyektlərinə dayandırmaq öhdəliyi var. Sözügedən obyektlər hərbi, mülki və ya iqtisadi infrastruktura aiddir.

İran və ABŞ potensial razılaşma çərçivəsində gələcək münaqişələrin həlli üçün birgə mexanizm yaratmaq niyyətindədir. İkitərəfli razılaşma yalnız sənəd hər iki tərəf tərəfindən rəsmi olaraq dərc edildikdən sonra qüvvəyə minmiş hesab ediləcək.

Layihədə hər iki tərəfin bütün cəbhələrdə hərbi əməliyyatları dayandırması nəzərdə tutulur. Qeyd olunur ki, mətndə bütün cəbhələrdə dərhal, hərtərəfli və qeyd-şərtsiz atəşkəsin tətbiqi və hərbi əməliyyatların və informasiya müharibəsinin dayandırılması nəzərdə tutulur.