BAKI, 15 yanvar. TELEQRAF
Orta insan ömrüylə nisbətdə götürsək, həyatının hələ üçdə birinə gəlib çıxmamış gənc bir rəssam xanım Qərbi Avropa ölkəsi olan Niderlanddan var qüvvəsiylə Bakıya can atır və biz bir qış günü onunla paytaxtın mərkəzində, Rəssamlar İttifaqının binasının üstündə, məşhur bir nəslin, Mirqasımovların evində-ocağında görüşürük.
Xalq artisti rejissor Oqtay Mirqasımovun nəvəsi, xalq artisti aktrisa Ayan Mirqasımovanın qızı Ceyran Mirqasımova elə söhbətin əvvəlində etiraf edir:
“Mən doğrusu, heç hara getmək istəmirdim, çünki Bakıya çox bağlıyam. Elə oldu, 15-16 ildir Niderlandda yaşayan həyat yoldaşımla tanış olduq, ailə qurduq; indi isə ailəlikcə geriyə, Bakıya dönməyin planını qururuq... 22 il burda yaşamışam, Bakı mənim üçün ən rahat şəhərdi”.

İnsan həyatında bəzən hadisələr çiyinləşir, biri-birini təqib edir, bu “tıxac”da baş verənləri və baş verəcəkləri növbələşdirmək çətin olur. İndi hələlik hər şeydən qabaq bir suala cavab lazımdı: Aktrisa qızı necə rəssam oldu?
“Başqa seçimim yoxuydu. İncəsənət mühitində böyüyüb, məsələn, riyaziyyatçı olmaq mümkün deyildi. Uşaqlıqdan rəsm çəkirdim, indi iki yaşlı qızım da çəkir – bilmirəm o, rəssam olacaq, ya yox. Amma mən oldum” – Ceyran xanım deyir.
On beş-on altı yaşlarından professional qaydada rəssamlıqla məşğul olmağa başlayır, Rəssamlıq Akademiyasında oxuyanda ilk uğurlarına imza atır. Fırça və kətanı tərk etməyin qeyri-mümkünlüyü fikrini qətiləşdirən vaxta və şəraitə gəldikdə Ceyran xanım təxmin etməyə çalışır:
“Bəlkə də bu, Akademiyadan sonraya təsadüf etdi. Bu məsələdə bir nüans da var: Rəssamlıq mənim xarakterimin, şəxsiyyətimin, taleyimin bir hissəsidi. Orta məktəbdə pis oxumurdum, çalışqan, dürüst biriydim, bəlkə başqa sahədə də seçim edə bilərdim.
Amma Akademiyanı bitirəndən sonra qərara aldım ki, mən özümü tapmalıyam. Başladım eksperimentlər eləməyə. Ustadsız, müəllimsiz, təkbaşına axtarışlar apardım, bu period bir-iki il çəkdi”.
Yaradıcı insanın təkbaşına davam edəcəyi bir dövrə qədər onu müşayiət edən birinə də ehtiyac olur. Kölgəmi, işıqmı, adammı – kimsə-nəsə kənardangəlmə....
“Müxtəlif dövrlərin hər birinin öz ustadı, öz dəstəkçisi olur, - Ceyran xanım deyir. - Bu mənada yeganə ustaddan danışmaq düz çıxmayacaq. Rəssamlıq Akademiyasında müəllimim Namiq Məmmədovun pedaqoji stilini “yumşaq və səbirli” kimi xarakterizə edərdim. Ondan çox şey öyrəndim.
Rəsmlərinə baxdığım çoxsaylı müasir və klassik rəssamlar var, adları uzun siyahıdı, o siyahıdan bir nəfərin – Səbinə Şıxlinskayanın adını xüsusi qeyd etməkdə qərarlıyam.
Onun düşüncələrini necə vizullaşdırması mənə yaxındı. Səbinə xanımın yaratdığı “Atəşhab” klubunun üzvüyəm”.
Dünya rəssamlarından ispan Fransisko Qoyyanı çox sevir, Qoyyanın tünd rənglərlə yaratdığı mistik atmosferi özünə daha uyğun görür. Sürrealist üslubu, realizmlə abstraksizmin kombinasiyasını əsərlərində tətbiq etməyi xoşlayır. Digital art sahəsində işləyir.
“İşlərimi bəzən özüm də izah edə bilmirəm, düzdü, çəkməmişdən qabaq plan həmişə olur, amma çox vaxt şüuraltıdan nəsə sıçrayır və başqa yerə gedib çıxıram” – Ceyran Mirqasımova çəkdiklərini izah etməyə çalışır.
Sonra "Mənim irsi seriyam - Ardıcıllıq" adlı rəsmindən danışır: “Bir insanın içində bir neçə insan, bir adamın üzündə də bir neçə üz var. Biz heç vaxt tək bir insan deyilik”.

Rəsmlərində tez-tez nəzərə çarpan ağ-qara rənglərdən hansı birininsə dominantlığına gəldikdə həmsöhbətimiz kontrastı xoşladığını bildirir və babası Oqtay Mirqasımovdan sitat gətirir:
“Mən kontrastı xoşlayıram, baba də həmişə bunu deyir. Həyatda da beləyəm – ağ və qara, yaxşı və pis, düz və ya səhv... Spektri də öyrənəcəm, indi bunun üzərində işləyirəm. Əlbəttə, rəng müxtəlifliyi lazımdı – sənətdə də, həyatda da... Mənimsə baza palitram ağ və qaradan ibarətdi”.
Cəmi-cümlətanı 22 yaşında ailə qurmaq tez deyildimi? Ceyran xanım deyir, bu, plan deyil, bu, qismətdi. Tarixçəni danışır. Niderlandda yaşayan, əslən Azərbaycandan olan gələcək həyat yoldaşı onun bir əsərini almaq istəyir və virtual tanışlıq başlayır. Sövdələşmə onlayn aparılır. Nəhayət, oğlan Bakıya gəlir, əsəri də alır, müəllifini də.
“Böyük sevgi oldu, - Ceyran xanım gülə-gülə davam edir. - Amma tragediya baş vermədi. Qısa müddətdə anladıq ki, biz ailə qurmalıyıq, bizim aramızda sevgi də var, uyğunluq da. Bir pazl kimi uyğunuq...”
Bir ömrü axıracan bir nəfərlə yaşamaq adlı indi bəzilərinə çətin görünən məsələdə o, qətiyyətlidi və deyəsən, arxalandığı əsas faktor da mənbəyini genetikasından götürür: “Bəli, mən buna hazıram. Bu, yəqin mənə nəslimdən gəlir, heç düşünmürəm ki, başqa variant ola bilər...”
Ceyran Mirqasımova anası Ayan Mirqasımova kimi aktrisa ola bilərdimi?
Deyir, Allah qabiliyyət versəydi, olardı: “İnsanları sevirəm, amma səhnəyə çıxım, hamı mənə baxsın, diqqət məndə olsun – mənə yad şeydi. Mən utanıram. Mən sadəcə utancağam! Bir dəfə məktəbdə bir tamaşada mənə rol verdilər, az qala həyəcandan özümdən gedəcəkdim. Anam introvertdi, amma səhnəyə çıxanda tamam başqasına çevrilir. Məndə bu, mümkün deyil.
Teatrda böyümüşəm, pərdə arxasında nələr baş verirdi, necə bir qarışıqlıq, necə bir xaos... Bəlkə bu, xoşuma gəlmədi? Çünki hər şeyi gözümlə gördüm! Üstəlik, teatr və ya kinoda rejissora tabe olmaq var, aktyorluq-akstrisalıq asılı sənətdi. Rəssamlıqda isə tam sərbəstlik var və məndə olan mənlik qüdrətini sarsıtmağa heç kəs çalışmır!”
Ceyran Mirqasımovanın qəhrəmanlarından çoxu qadındı. Düzdü, özü deyir, kişi qəhrəmanları da var. Hər halda ondan feminist olub-olmadığını soruşduq.
“Düzü, feminizm nədi, dəqiq izahını bilmirəm. Zənnimcə, bu anlayışa çox mənalar yükləyirlər. Analara, bacılara, xanımlara hörmət vacibdi və bu, feminizmdisə, ola bilər, mənə də feminist desinlər. Bütün hallarda o sözü xoşlamıram. Kişi obrazları da çəkirəm, amma nədənsə diqqəti cəlb eləmir,” – bu da Ceyran xanımın cavabı...

Axıra yaxın sanki onun daxili monoloqu başlayır:
“Mənə seçim və qismət həmişə maraqlı gəlib. Bir adam bir qapı açır, yaxud onun üzünə bir neçə qapı açılır. Açılan qapılar arasında da seçim etməli olursan, nə qədər variantlar var. Ola bilsin, hardasa, başqa bir dünyada, yad bir planetdə, kosmosda daha bir Ceyran var, amma o, rəssam deyil... Hansı daha yaxşıdı, hansı daha pisdi, deyə bilmərəm. Çünki burda yaxşı və pis anlayışı yoxdu, yalnız fərq var. Onu deyə bilərəm ki, Ceyranın müxtəlif variantlarında bu gün mənə ən uyğunu elə budu – rəssam Ceyran.
İndi yüz faiz əminəm ki, ailəmlə bir rəssam kimi Bakıya qayıdacam. Ümid edirəm bu, çox tezliklə olacaq və yaradıcılığa davam edəcəm. Ən böyük planım Bakıya qayıtmaqdı...”
“Ən yaxşı nəqliyyat vasitəsi istəkdi” desək, yəqin bizə irad tutmazlar. Bir zamanlar getmək istədi – getdi, indi qayıtmaq istəyir – qayıdacaq...



