BAKI, 25 may. TELEQRAF

Hazırda Moskvada fəaliyyət göstərən azərbaycanlı rejissor, YUĞ Teatrının sabiq direktoru, pedaqoq Tərlan Rəsulov və həyat yoldaşı, jurnalist, sənətşünas Emiliya Dementsova son günlər sosial şəbəkələrdə maraqlı bir ideya ilə çıxış ediblər. Söhbət Azərbaycanın məşhur estrada sənətçisi, görkəmli opera müğənnisi, bəstəkar, SSRİ xalq artisti , "Şöhrət Ordeni" laureatı Müslüm Maqomayevin adının Moskvadakı metrostansiyalarından birinə verilməsindən gedir.

Teleqraf bu məsələ ilə bağlı Tərlan Rəsulovdan və xanımı Emiliya Dementyevadan müsahibəni oxuculara təqdim edir.

- Müslüm Maqomayevin adının Moskvadakı metrostansiyalardan birinə verilməsi barədə ideya haradan yarandı?

T.R. Ən yaxşı ideyalar həmişə yolda yaranır. Mən və həyat yoldaşım Emiliya qatarda gedirdik, "Avroviziya" və "İnterviziya" ətrafında gedən müzakirələri dinləyir, musiqi parçalarına qulaq asırdıq və eyni zamanda bu haqda danışmağa başladıq ki, onların bəziləri ani xarakter daşıyır, bəziləri isə əbədidir. Maqomayev — əbədidir. O, təkcə pleylistlərimizdə deyil, mədəniyyət kodumuzda, genetik yaddaşımızdadır. Bilirsiniz, Moskvaya köçəndən bəri, daim bununla qarşılaşıram: Maqomayev bu gün də paytaxtın mədəni həyatının ayrılmaz hissəsi olaraq qalır. Onun mahnıları şəhər bayramlarında səslənir, Kremldə yerləşən "Zaryadye" parkında onun səsi 24/7 eşidilir, Yeni il ərəfəsi şəhərin bəzədilməsində onun portretlərindən istifadə olunur, moskvalılar ona həsr olunmuş qraffitilər çəkirlər… “Ən yaxşı şəhər” əsəri Moskvanın qeyri-rəsmi himn olub.

Bizə elə gəldi ki, Moskvada belə bir metrostansiyasının yaradılması təşəbbüsünü irəli sürmək vaxtıdır. Xüsusilə bu gün, ölkələrimiz arasında anlıq anlaşılmazlıqların yarandığı, hər iki tərəfdə bizi bir-birimizlə düşmən etməyə çalışan fitnəkarların ortaya çıxdığı vaxtda. Bizim təşəbbüs — əbədi, həqiqi, zamanın sınağından çıxmış olanı xatırlatmaq cəhdidir. Bakıda isə bu cür bir stansiya yoxdur. Şəhərdə bir heykəl və küçə var, amma bir çoxları unudur ki, o küçə Maqomayevin babası — bəstəkar və dirijorun adını daşıyır. Bakı Filarmoniyası da elə onun adınadır. Onun babasının da adı Müslümdür, ona görə bir çoxlarının yaddaşında baba və nəvə — hər ikisi musiqi sahəsində görkəmli şəxsiyyətlər — qarışır.

Əgər həm Moskvada, həm də Bakıda eyni vaxtda “Maqomayev” adlı iki metrostansiyası açılsa, bu çox simvolik və unikal humanitar əməkdaşlıq səviyyəsi olardı.

E.D. Maqomayevin yaradıcılığı nəsilləri və xalqları birləşdirir, istənilən sərhədi və fikir ayrılığını aşır. Biz inanırıq ki, “Maqomayev” stansiyası şəhərdə sadəcə rahat dayanacaq deyil, əsl musiqi məkanı olacaq. Hətta bir konsepsiya da düşünmüşük – bu stansiya dünyanın ən musiqili metrostansiyası ola bilər. Metro təkcə nəqliyyat deyil, eyni zamanda bir incəsənət məkanıdır. Təsəvvür edin: platformada onun məşhur melodiyaları xüsusi səsgücləndiricilər vasitəsilə səslənir — ilham verən və birləşdirən musiqi. Bu stansiya böyük sənətkara hörmətin, ölkələrimiz arasında dostluğun və qəlbləri birləşdirən mədəni irsin rəmzidir. Büstlərdən və xatirə lövhələrindən fərqli olaraq, metro stansiyası — bir insan haqqında “işlək yaddaşdır”.


- İdeyaya münasibət necədir? Bizə xüsusilə Rusiyada təklifin necə qarşılanması maraqlıdır.

E.D. Səhər kofesi ilə birlikdə, ünvanıma növbəti təhqir və hədələri oxuyuram. Paytaxtın düz mərkəzində yaşayan, dördüncü nəsil moskvalı kimi, mənə “gəlmə” deyirlər və sair. Belə bir “səhər freşi” — ksenofobiya, antiazərbaycan çağırışları və antisemitizmdən ibarət bir qarışıq — adamı “ayıldır”! Amma bu, mənə təsir etmir, bu cür şeylərə qarşı "teflon" kimiyəm və hətta mənə çox gülməli gəlir. Mənim damarlarımda azərbaycan qanı axmasa da, özümü həyat yoldaşıma görə azərbaycanlı sayıram, diasporla və ölkələrimiz arasındakı münasibətlə bağlı hər şeyi ürəyimə yaxın qəbul edirəm.

Daha bir vacib məsələ — müsbət rəylər yüz qat daha çoxdur. Həm də hər iki tərəfdən. İdeya üçün "like"lar və dəstək çoxdur. Diasporun özü (hələlik susqun və qeyri-aktivdir, başa düşürəm) deyil, məhz Maqomayevin irsini sevən sıravi moskvalılar tərəfindən. Rusiya KİV-ləri (onlara təşəkkürlər) təşəbbüsümüzlə maraqlandılar, bir neçə material da yayımlandı və bu göstərir ki, biz Tərlanla aktual bir mövzuya toxunmuşuq.

T.R. Botlar var, marginal şəxslər, hər iki ölkədə sadəcə ağılsızlar da var ki, bizim təşəbbüsümüzdə olmayan mənalar axtarırlar. Məsələn, şəxsi mənafe. Amma etiraf edim, mənafe həqiqətən də var, amma bu bizə yox, ölkələrimizin bütün sakinlərinə aiddir. Maqomayev hər iki ölkədə eyni dərəcədə sevilən bir şəxsiyyətdir. Onun yaradıcılığı mədəni birliyin təcəssümüdür. Onun məşhur ifadəsi: “Azərbaycan — atamdır, Rusiya — anam” — bu ikili mədəni kimliyi, hər iki ölkədə milyonlarla insana doğma olan bir hissi ifadə edir. Və yenə də deyim ki, bizə dəstək verən, anlayan insanlar çoxluq təşkil edir.


- Prosedura görə, proses necə getməlidir?

E.D. Təşəbbüsümüzü həyata keçirmək üçün bütün mümkün vasitələrdən istifadə etmək qərarına gəldik. Moskva meriyası və hökumətinə, Mədəniyyət Departamentinə, Moskva Metropoliteninə məktublar göndərdik, həmçinin “Rusiya İctimai Təşəbbüsü” portalında petisiya yaratdıq. Bundan əlavə, Rusiya Federasiyasında Azərbaycan səfirinin adına təşəbbüsümüzə dəstək və kömək xahişi məktubunu təqdim etdik.

Hətta Rusiya Federasiyası Prezidentinin adına da məktub yazdıq və tezliklə cavab aldıq: müraciətimiz müvafiq orqana baxılması üçün göndərilib. Məncə, bir məsələ doğrudan da vacibdirsə, bütün vasitələrdən istifadə etmək lazımdır. Bizim təşəbbüs sadəcə ad məsələsi deyil, xalqlar dostluğunu, ümumi mədəni yaddaşı, incəsənətin yumşaq gücünü və gələcəyi xatırlatmaq istəyidir.

Biz Tərlanla belə yazmışıq: “Maqomayev” — bu, musiqi və dostluq stansiyasıdır. İndi qalır təkcə gözləmək. Amma fəal şəkildə gözləmək. Hər orqanın məktublara baxmaq üçün öz vaxtı var. Biz təşəbbüsümüzün bütün mərhələləri barədə sosial şəbəkələrdə yazırıq. Orada aldığımız bütün cavabların skrinlərini paylaşırıq ki, insanlar görsün — hər şey şəffafdır, proses öz axarı ilə gedir.

Hətta məmurlar bəhanə tapıb bizə rədd cavabı versələr belə, biz ictimai müzakirəyə, diqqətə və bu təşəbbüsün yayılmasına sevinirik. Yəni, bu toxum artıq insanların şüurunda səpilib və tezliklə cücərəcək. Bilirsiniz, mən tam əminəm ki, bizim bu stansiyanın açılacağı günü görəcəyik. Maqomayev — zamandan kənar və əbədi bir simadır.

Rəbiqə