BAKI, 14 may. TELEQRAF
Mayın 16-da Azərbaycan Dövlət Kukla Teatrında “Aldanmış Canavar” tamaşasının premyerası olacaq.
Bu barədə Teleqraf-a teatrdan bildirilib.
Bildirilib ki, birhissəli kukla tamaşası milyonlarla tamaşaçının yaddaşına həkk olunan “Nu, pogodi!” (“Dayan, görərsən!”, “Əlimə düşərsən!”, “Bir dayan...”) cizgi filminin motivləri əsasında hazırlanıb.
"Yeni səhnə yozumunda təqdim edilən tamaşa məşhur Canavar və Dovşan duetinin bitməyən qarşıdurmasını bu dəfə teatr kuklasının poetik dili, canlı oyun enerjisi və musiqili səhnə ritmi ilə təqdim edir.
Tamaşanın əsas özəlliklərindən biri ekran estetikasının birbaşa təkrarı deyil, onun kukla teatrının özünəməxsus ifadə vasitələri ilə yenidən qurulmasıdır. Səhnədə klassik parket kuklaları, dinamik mizanlar, plastika, işıq həlli və musiqi sintezi vasitəsilə hərəkətli, rəngarəng və emosional atmosfer yaradılır. Tamaşa boyu kuklaların xarakterik jestləri, şərti teatr dili və ritmik səhnə keçidləri uşaqları əyləndirməklə yanaşı, böyüklərdə də nostalji hissi oyadır.
Məşhur rus satirikləri Aleksandr Kurlyandski və Arkadi Hayt tərəfindən qələmə alınmış süjet əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdır. Rejissor əsərin məşhur süjet xəttini qorumaqla yanaşı, müasir uşaqların baxış və qavrama tərzinə uyğun yeni teatr dili formalaşdırıb.
Tamaşanın quruluşçu rəssamı Rəna Abbasova səhnə məkanını cizgi estetikasına yaxın rəng palitrası, transformasiya olunan dekor elementləri və xarakterik, ifadəli kukla həlli üzərində qurub. Musiqi tərtibatı isə səhnə dinamizmini gücləndirərək hadisələrin ritmini müəyyənləşdirən əsas komponentlərdən birinə çevrilir.
“Aldanmış Canavar” sadəcə əyləncəli təqib hekayəsi deyil. Tamaşa yumor və oyun dili vasitəsilə tamaşaçıya vacib mesaj ötürür: aqressiya, hiylə və səbirsizlik insanı məqsədinə çatdırmır. Səbir, dostluq və qarşılıqlı anlayış isə ən mürəkkəb vəziyyətlərdə belə qalib gəlməyi bacarır. Səhnədə Canavarın hər uğursuz cəhdi komik situasiya yaratsa da, tamaşanın finalında qarşıdurmanı dostluq əvəz edir", - məlumatda qeyd olunub.
Səhnə işində obrazları aktyorlar Rauf Babayev, Lina Məmmədova, Afət Zülfüqarova, Yelena Qədimova, Araz Həsənli və Vüqar İsmayılov canlandırırlar.