BAKI, 22 may. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezident və baş nazirliyə namizəd Robert Köçəryanın xarici ölkənin liderinə kömək xahişi ilə müraciət etdiyi səsyazısının orijinal olduğunu növbəti dəfə təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşü zamanı bildirib.

“Bunun real və orijinal səsyazısı olduğuna zəmanət verirəm. Üstəlik, bu telefon danışığı deyil, səsli mesajdır. Reallığa 100 faiz uyğundur, buna zəmanət verirəm. Həmin səsli mesajı şəxsən Robert Köçəryan telefonla vasitəçi ilə göndərib”, - Paşinyan deyib.

Baş nazir bunun təəccüblü olmadığını vurğulayıb.

Paşinyanın fikrincə, səsyazısında xarici ölkənin koordinasiyası ilə Ermənistanda nəticəyə hesablanmış siyasi fəaliyyət aparılması epizodu yer alır.

Ermənistan rəhbəri Robert Köçəryanın xarici ölkənin agenti kimi cinayət işinə cəlb oluna biləcəyini də istisna etməyib.

İnternetdə yayılan səsyazısında Ermənistanın ikinci prezidentinin Rusiya Prezidenti Vladimir Putinə müraciətlə belə deyib: “Məni Ermənistanın siyasi meydanına siz gətirdiniz, indi problemlərim var, xahiş edirəm, həmin meydandan (qələbə ilə) çıxmağımı təmin edin”.

Robert Köçəryan həmin səsyazısına münasibət bildirərək, onu “saxtakarlıq və süni intellekt vasitəsilə hazırlanmış material” adlandırıb.