BAKI, 22 may. TELEQRAF

“Hər kəsin layiqli yaşaya biləcəyi adekvat mənzil hüququ var. Bu, həm də sosial bərabərsizlik məsələsidir. İnsanların yaşayış məkanları arasında ciddi fərqlərin yaranması ölkə daxilində sosial gərginlik və qeyri-sabitlik riskini artıra bilər”.

Teleqraf xəbər verir ki, bu fikirləri WUF13 çətçivəsində keçitilən “Mənzil sektoruna qlobal investisiyanın yenidən düşünülməsi: dayanıqlılıq və inklüziv şəhər gələcəyinin maliyyələşdirilməsi” mövzusunda sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

Yalçın Rəfiyev vurğulayıb ki, mənzil məsələsi iqlim gündəliyi ilə sıx bağlıdır:

“Müasir mənzillər mütləq iqlimə davamlı olmalıdır. Lakin iqlim maliyyəsindəki məhdudiyyətlər adekvat mənzil təminatına da birbaşa təsir göstərir.
COP29 çərçivəsində əldə edilən razılaşmalar 300 milyard dollarlıq illik hədəfi müəyyən etməklə iqlim maliyyəsinin gücləndirilməsini nəzərdə tutur. Bu vəsait həm adaptasiya və emissiyaların azaldılması, həm də iqlimə davamlı mənzillərin tikintisi üçün vacibdir”.

Y. Rəfiyevin sözlərinə görə, iqlimdən daha çox zərər görən ölkələr həm də adekvat mənzil çatışmazlığı ilə də üzləşirlər:

“Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarının işə salınması innovativ maliyyə mənbəyi kimi şəhərsalma və aşağı karbonlu inkişaf üçün istifadə oluna bilər. COP və Şəhərsalma Forumu prosesləri arasında daha güclü maliyyə və siyasət əlaqələrinin qurulması gələcəkdə beynəlxalq əməkdaşlığı gücləndirə bilər”.