BAKI, 11 may. TELEQRAF

May ayının 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı keçiriləcək. Ötən həftə isə ittifaqın idarə heyətinin iclasında sədrliyə namizədlər müzakirə olundu. İclasda namizədlər müəyyənləşsə də ittifaq rəsmən onların adını elan etmədi. Bildirildi ki, namizədlərin adı qurultaya yaxın zamanda elan olunacaq.

Bu fonda Teleqraf-ın suallarını Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov cavablandırıb.

- Əli İsa bəy, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə iki namizədin - Xalq artisti Şəfiqə Məmmədova ilə sizin adınız hallanır. Siz icraçı katib kimi daimi fəaliyyət göstərmisiz, göz önündə olmusuz. Belə bir durum üzvlərin sizi seçməyinə əsas verə bilərmi? Qurultayda Şəfiqə Məmmədovaya görə namizədliyinizi geri götürmək ehtimalınız necə, varmı?

- Azərbaycan Kinematoqrafçılar İttifaqı tövsiyə xarakterli iki namizədin qurultaya təqdim edilməsini qərara alıb. Namizədlərin adları qurultaya yaxın müddətdə rəsmən açıqlanacaq. Əlavə namizədlər də qurultay tərəfindən irəli sürülə və səsverməyə çıxarıla bilər. Əsas odur ki, prosesdə hər şey şəffaf olsun, ittifaq üzvlərinin birliyinə, təşkilatın özünü gücləndirən nəticələrə nail olaq.

- Belə başa düşülür ki, namizədlərin sayı arta bilər.

- Hər bir üzv qurultayda öz namizədliyini təklif edə bilər. Qurultay o üzvün adını səsverməyə çıxarmağı uyğun bilsə, həmin şəxsin namizədliyi də irəli sürülmüş sayılacaq.

- Rasim Balayevin ittifaqa sədrliyi dövrü daha çox humanist, sülhpərvər dövr kimi xarakterizə olunur. Kinematoqrafçılar İttifaqı kifayət qədər kino cameəsini narahat edən məsələlərə münasibət bildirir, müəyyən addımlar atır, səsini duyurmağa çalışırdı. Amma təəssüflər olsun ki, bu məsələlərin bir çoxu həllini tapmırdı. Bu da daha çox Rasim müəllimin mülayimliyindən qaynaqlanırdı. Seçiləcək yeni sədrdən - sizdən, yaxud Şəfiqə xanımdan sonra ittifaqın siyasətində dəyişiklik gözlənilirmi? Yeni dönəm ittifaqın əvvəlki siyasətindən nə ilə fərqlənəcək?

- Düşünürəm ki, ittifaqın son iki ildəki fəaliyyətindən radikal şəkildə fərqlənən bir siyasətin başlamasına qəti yol vermək olmaz. Sadəcə görülən işlər davam etdirilməlidir. İttifaqın qarşısında duran əsas məsələ onun fəaliyyətində ikinci nəfəs açmaqdır. Yəni təşkilati iş, mətbuatla, üzvlərlə, gənclərlə fəaliyyət daha müəkəmməl qurulmalıdır.

Beynəlxalq aspektdə görülən işlərimiz çoxalmalıdır, xarici əlaqələrin qurulmasında daha aktiv olmalıyıq. Layihələrə cəlb edilən maliyyə vəsaiti artmalıdır. Əsas vəzifələrdən biri də budur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının film istehsalına dəstək təşəbbüsünün ideya müəllifi mən olmuşam. Düşünürəm ki, kino istehsalına dəstək istiqaməti də güclənməlidir.

Biz həm Rüstəm İbrahimbəyovun, həm də Rasim Balayevin vaxtında hədəfləyib inkişaf etdirməyə çalışdığımız yaxşı tendensiyaları davam etdirməliyik. İşimizi elə qurmalıyıq ki, kino ictimaiyyətinin gözləntilərinə cavab verək. Geriyə yol ola bilməz. Əsas prinsipial məsələlərindən biri təşkilatın, kino ictimaiyyətinin birliyini qorumaq və daha güclü hədəflərə çatmaqdır.

- İttifaq kino proseslərində hər zaman aktiv mövqedə dayanıb. Film nümayişləri, tədris, təbliğat, kino xadimlərinə maddi və mənəvi dəstək baxımından qüvvəsini səfərbər etməyə çalışıb. Gənc kinematoqrafçılara da dəstəyiniz diqqətəlayiqdir. Amma ölkədaxili kino qurumları -nazirliyin müvafiq şöbəsi, ARKA ilə ortaq layihələriniz azdır. Bu layihələrin artımı gözlənilirmi?

- Mədəniyyət Nazirliyi, Kino Agentliyi (ARKA-red.) ilə işlər görürük. Məsələn, bölgələrdə film nümayişləri, kino günləri layihəsi Mədəniyyət Nazirliyi ilə bir yerdə icra olunur. Onların dəstəyi olmadan bu, mümkün deyil. Bizim kinematoqrafçıların xarici səfərlərini dəstəkləyən “Kino səyyah” proqramımız var, ARKA ilə birgə həyata keçirilir. Konkret olaraq deyə bilərəm ki, otel xərclərini ARKA ödəyirsə, bilet xərclərini də biz ödəyirik. Yaxud bizim maliyyə imkanlarımız olmayanda ittifaqın müraciətinə Kino Agentliyi çox operativ cavab verir və səfərləri dəstəkləyir.

Bununla yanaşı, ittifaqın idarə heyətinin üzvləri Kino Agentliyinin münsiflər heyətində, ekspertlər şurasında da təmsil olunur. Ona görə mən bütün bunları işbirliyi kimi qiymətləndirirəm.

Yeni seçkidən sonra fəaliyyətə başlayan sədr mütləq şəkildə ARKA və Mədəniyyət Nazirliyi ilə məhsuldar əməkdaşlıq atmosferində işləməlidir. Biz dövlətin həyata keçirdiyi kino siyasətində daha aktiv olmaq istəyirik. Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətində çox güclü mütəxəssislər var və ekspert cameəsinin əksəriyyəti bizim ittifaqda birləşir. Biz həm ssenarilərin, həm maliyyə sənədlərinin ekspertizasında böyük dəstək ola bilərik.

Bundan başqa, “AKİFİLM” studiyasının yaranması ilə bağlı təşəbbüs qaldırmışıq. Məqsədimiz odur ki, üzvlərimiz ittifaqın resurslarından istifadə edib Kino Agentliyinin müsabiqələrinə qatılsın.

Düşünürəm ki, seçiləcək yeni sədr Azərbaycan Kinematoqrafçılar İttifaqının Mədəniyyət Nazirliyi və Kino Agentliyi ilə formalaşmış ilkin, müsbət münasibətlərini daha da gücləndirilməlidir. Yumruq kimi birləşib kinomuzun qarşısında duran problemləri bir yerdə həll etməliyik.