AĞDAM, 9 sentyabr. TELEQRAF

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Qarabağa səfəri davam edir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xankəndidən sonra Ağdama səfər edən din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Qonaqlara Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Ağdamda baş verən hadisələr, şəhərin dinc əhalisinə qarşı törədilən cinayətlər və erməni silahlı qüvvələrinin şəhərə qarşı həyata keçirdiyi dağıntılar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Ağdamın işğalı zamanı şəhərin tarixi, mədəni və dini irsinə qarşı da genişmiqyaslı vandalizm törədilib. İşğaldan sonra şəhərdəki qəbiristanlıqlar və məzarlıqlar da dağıntılara məruz qalıb. Ağdam Şəhidlər xiyabanında yalnız qəbirüstü abidələr dağıdılmayıb, eyni zamanda qəbirlər açılıb, meyit qalıqları çıxarılıb və məzarlıq təhqir edilib.

Din xadimləri burada gördüklərinin onları dərindən sarsıtdığını bildirərək, törədilmiş vandalizm aktlarını insanlıq və bəşəri dəyərlərə qarşı ağır cinayət kimi qiymətləndiriblər.

Daha sonra qonaqlar Ağdam Cümə Məscidini ziyarət ediblər. Onlara məscidin tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə məruz qaldığı dağıntılar barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində din xadimləri Ağdam Cümə Məscidində namaz qılıblar.

***

09:36

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Xankəndi şəhərinə səfər çərçivəsində Zəfər Tağı kompleksini və Zəfər parkını ziyarət edib.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində keçirilən səfər zamanı qonaqlara Xankəndidə yaradılan Zəfər Parkı və kompleksin tarixi-rəmzi əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Zəfər parkı Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan məkanlardan biridir. Kompleksdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsi, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri öz əksini tapıb.

Qeyd olunub ki, parkın inşası zamanı kompleksin ayrı-ayrı elementlərinə xüsusi rəmzi məna verilib. Parkın girişindən Zəfər Tağına doğru 44 pilləkən salınıb. Pilləkənlər üzərində 44 gün davam edən Vətən müharibəsinin hər günü, həmin gün azad edilən yaşayış məntəqələri, eləcə də 2023-cü ildə keçirilən antiterror tədbirlərinin nəticələri barədə məlumatların əks olunduğu lövhələr yerləşdirilib.

Zəfər parkı Azərbaycan xalqının torpaqlarının ərazi bütövlüyü uğrunda mübarizəsini və 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbəni əks etdirən mühüm məkanlardan biridir.

Parkın hər bir detalı xüsusi rəmzi məna daşıyır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Pilləkənlər üzərində Vətən müharibəsinin hər gününə, həmin günlərdə azad edilən yaşayış məntəqələrinə dair məlumatlar, həmçinin 2023-cü ildə keçirilən antiterror tədbirlərinin nəticələri əks olunub.

Daha sonra qonaqlar Zəfər meydanını ziyarət ediblər. Onlara meydanın tarixi və şəhərin həyatındakı əhəmiyyəti barədə məlumat verilib.
Bildirilib ki, uzun illər separatçıların nəzarətində olan Xankəndidə Azərbaycan əleyhinə separatçı çağırışların səsləndirildiyi əsas məkanlardan biri bu ərazi olub. Azərbaycan xalqına qarşı cinayətkar planların hazırlanmasında istifadə olunan qərargahların da şəhərdə fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, Xankəndinin azad edilməsindən sonra Azərbaycan Prezidenti tərəfindən əraziyə Zəfər meydanı adı verilib. Hazırda meydan şəhərin əsas ictimai məkanlarından biri kimi əlamətdar tədbirlərə ev sahibliyi edir.

Din xadimləri seyrangahdan Xankəndi şəhərini seyr edib, burada xatirə fotoları çəkdiriblər.

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Qarabağa səfəri davam edir.

***

09:27

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Xankəndi şəhərinə səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində təşkil olunub.

Səfər çərçivəsində qonaqlar Xankəndinin mərkəzi meydanında şəhərin ümumi mənzərəsi ilə tanış olacaq, burada həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə məlumat əldə edəcəklər.

Səfərin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması və təbliği, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənlə bağlarının daha da möhkəmləndirilməsi, eləcə də Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verməkdir.

Səfər proqramına uyğun olaraq din xadimləri Xankəndidə Zəfər Parkı və Zəfər Meydanını, həmçinin Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.