BAKI, 23 sentyabr. TELEQRAF

Süni intellekt sahəsində müstəqil inkişaf etmək istəyən ölkələr öz infrastrukturlarını yaratmalı və açıq mənbəli süni intellekt modelləri hazırlamalıdırlar.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı deyib.

Makron süni intellekt sahəsində gələcəyin yalnız ABŞ, Çin və bir neçə böyük iqtisadi oyunçu tərəfindən müəyyənləşdirilməsinin qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, süni intellekt texnologiyaları dövlətlərin milli təhlükəsizliyinə, o cümlədən xəstəxana və bank sistemlərinə potensial təhlükələr yarada bilər.

Fransa lideri ölkələri bu sahəyə sərmayə yatırmağa və öz aralarında əməkdaşlığı gücləndirməyə çağırıb.

Makron müstəqilliyinə önəm verən dövlətlərin hesablama və investisiya imkanlarını birləşdirərək birgə istifadə ediləcək qabaqcıl, açıq mənbəli süni intellekt modeli yaratmasını təklif edib.

Fransa Prezidenti, həmçinin G20 çərçivəsində süni intellekt sahəsində əməkdaşlıq gündəliyinin formalaşdırılması istiqamətində işi dəstəkləməyə hazır olduğunu bildirib.