QUBADLI, 21 sentyabr. TELEQRAF

Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisi sürətlə davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 3,34 hektar ərazini əhatə edən yaşayış kompleksində 21 çoxmənzilli binanın inşası nəzərdə tutulub. Kompleksdə ümumilikdə 176 ailənin məskunlaşması üçün şərait yaradılacaq.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, mənzillər əsasən iki və üçotaqlı olacaq. Mənzillərin sahəsi 60-95 kvadratmetr arasında dəyişəcək.

Onun sözlərinə görə, binalardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Kompleksin ərazisində uşaq və oyun meydançaları, yaşıllıq zonaları, yerüstü və yeraltı avtodayanacaq, velosiped dayanacağı, həmçinin iki qeyri-yaşayış binası inşa ediləcək.

Layihə çərçivəsində yanğından mühafizə məqsədilə iki yeraltı su anbarı və nasosxananın tikintisi də nəzərdə tutulub.

Hazırda yaşayış kompleksində bünövrə işləri tamamlanıb, binaların zirzəmi və birinci mərtəbələrində tikinti işləri davam etdirilir.

Növrəs Cəfərov qeyd edib ki, Qubadlı şəhərində ikinci yaşayış kompleksinin layihələndirilməsi işləri də yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda ikinci kompleksin tikintisinə başlanılması planlaşdırılır.