BAKI, 22 sentyabr. TELEQRAF

Son aylar ABŞ ilə əlaqəli gəmilər dəfələrlə Ukrayna hücumlarının hədəfi olub.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News"a verdiyi müsahibədə bildirib. O, Rusiya və Ukraynanı enerji infrastrukturu ilə bağlı atəşkəsə çağırıb.

"Ukrayna son aylarda ABŞ-yə gedən gəmilərə dəfələrlə hücum edib, çox güman ki, bu, təsadüfən baş verib. Biz bunun davam etməsinə icazə verə bilmərik. Bu məsələ həll olunmalıdır", - deyə dövlət katibi bildirib.

Rubio hansı gəmilərdən və ya hadisələrdən danışdığını dəqiqləşdirməyib. Daha əvvəl Ukrayna qüvvələri Qara dənizdə neft ixracının əsas mərkəzi olan Novorossiysk bölgəsindəki obyektlərə zərbələr endirmişdi. Bölgədə "Chevron" və "ExxonMobil" də daxil olmaqla ABŞ enerji şirkətlərinin ofisləri yerləşir.

Eyni zamanda, Rubio Rusiya ilə Ukrayna arasında enerji sahəsində atəşkəs ideyasını dəstəkləyib. Onun sözlərinə görə, Vaşinqton hər iki ölkənin enerji infrastrukturuna hücumların dayandırılmasını məqsədəuyğun hesab edir.

"Düşünürik ki, enerji infrastrukturuna hücumları dayandırmaq əla fikir olardı. Bu halda nə Ukrayna infrastruktur obyektlərinə, nə də Rusiyanın enerji təchizatı ilə əlaqəli obyektlərə hücum edilməyəcək", - Rubio bildirib.

Dövlət katibinin sözlərinə görə, enerji atəşkəsi məsələsi ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Nyu-Yorkda keçiriləcək görüşə hazırlıqlar fonunda müzakirə olunur.