BAKI, 8 sentyabr. TELEQRAF
Xocalı rayonunda fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsi və təhlükəsiz əmək şəraiti ilə bağlı mediatur təşkil olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, mediatur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilib.
Mediaturun əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə yaradılan təhlükəsiz və sağlam əmək şəraitini ictimaiyyətə təqdim etmək, əməyin mühafizəsi istiqamətində görülən işlər və qabaqlayıcı tədbirlər barədə məlumatlılığı artırmaq olub.
Mediaturda media nümayəndələri ilə yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sosial tərəfdaşları – Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, cari il ərzində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən tərəfdaş qurumlarla birgə 73 tədbir keçirilib. Bu tədbirlərə ümumilikdə 226 işəgötürən və 2 800-dən çox işçi cəlb olunub.
Tədbirlər zamanı əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasının təmin edilməsi, yeni dövlət standartlarının tətbiqi, əmək qanunvericiliyinin əsas tələbləri və mina təhlükəsizliyi qaydaları barədə məlumat verilib.
Mediatur çərçivəsində media nümayəndələri Xocalı rayonunda fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC və “Accurate Az” MMC-nin müəssisələrində olublar. Burada istehsal prosesi, əmək şəraiti, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərlə tanış olublar.