ŞUŞA, 8 sentyabr. TELEQRAF
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin Şuşaya səfəri başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində həyata keçirilir.
Səfərin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması və təbliği, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənlə bağlılığının möhkəmləndirilməsi, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Qonaqlar əvvəlcə Şuşada yerləşən Zəfər abidəsini ziyarət ediblər. Daha sonra nümayəndə heyətinə Azərbaycanın dünya şöhrətli musiqiçiləri Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın Şuşadakı büstlərinin işğal dövründə güllələnərək zədələnməsi barədə məlumat verilib.
Səfər çərçivəsində din xadimləri Xan qızı Natəvanın evinə də baş çəkiblər. Qonaqlara Natəvanın həyat və yaradıcılığı, Şuşanın mədəni həyatındakı rolu barədə məlumat verilib.
Nümayəndə heyəti, həmçinin Xurşidbanu Natəvanın təşəbbüsü ilə inşa etdirilən bulaq kompleksini ziyarət edib.
Səfər çərçivəsində qonaqlar Şuşa qalasını da ziyarət ediblər. Nümayəndə heyətinə qala divarlarının tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin Şuşa qalasında yerləşən tarixi qapılar haqqında məlumatlandırma aparılıb.
Qeyd edilib ki, Şuşa qalasında üç istiqamətdə – Gəncə, İrəvan və Ağoğlan qapıları mövcud olub. Qonaqların diqqətinə çatdırılıb ki, bu qapıların hər birinin şəhərin müdafiəsi və tarixi baxımdan özünəməxsus əhəmiyyəti olub.