XANKƏNDİ, 26 iyun. TELEQRAF
Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib. Qürurlu anlarla yadda qalan yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.
Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədaları yerli sakinlərinə və şəhərin qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilib.
Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.
***
10:33
XANKƏNDİ, 26 iyun. TELEQRAF
Xankəndidə 26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 - ci il dönümü ilə əlaqədar təntənəli yürüş keçirilir.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, "Zəfər" meydanından başlayan yürüş, şəhərin giriş qapısına qədər davam edəcək. Azərbaycan Ordusunun hərbi yürüşü qürurverici mənzərə yaradıb. Yürüş, hərbi orksetrin müşayiətilə başlayıb.
Silahlı qüvvələr günü Xankəndi şəhərində keçirilən tədbiri şəhərdə yaşayanlar və qonaq gələn sakinlər maraqla qarşılayıblar.