MİNGƏÇEVİR, 24 iyun. TELEQRAF

Bu gün Mingəçevirdə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi “8 Noyabr” Elektrik Stansiyası ölkənin ən böyük elektrik stansiyasıdır.

Teleqraf xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin istehsal operatorunun baş mühəndisi Fariz Zeynalov media nümayəndələrinə açıqlamasında deyib.

Qeyd edib ki, Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci il tarixli sərəncamı ilə ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki “Azərbaycan” İES-in ərazisində bu elektrik stansiyasının tikintisinə qərar verilib. 13 fevral 2023-cü ildə 1880 MVt-lıq yeni elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycanın peşəkar mühəndislərinin təklifləri əsasında hazırlanmış layihəyə dünyanın nüfuzlu enerji şirkətləri və müstəqil texniki ekspertlər cəlb olunub. Keçirilmiş tenderlər nəticəsində məsləhətçi şirkət kimi İsveçin tanınmış AFRY şirkəti seçilib. Beynəlxalq praktikada bu cür layihələrin hazırlanması adətən 1 ildən çox vaxt tələb etsə də, İspaniyanın “İDOM” şirkəti ilə “AzərEnerji”nin Energetika İnstitutu”nun mütəxəssisləri tikinti işləri ilə paralel olaraq layihələndirmə işlərini həyata keçiriblər. Tikintinin baş podratçısı ixtisaslaşmış yerli şirkət BCC Group seçilib. Stansiya ərazisində 15 min m³-dən artıq svay vurulub və 7 200 ton metal konstruksiya işi görülüb. Dayanıqlı qaz təchizatı üçün 10 km uzunluğunda yeni qaz xətti inşa olunub, iki qaz paylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompressor qurğuları quraşdırılıb. Yeni stansiyanın enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İES-in 500 və 330 kV-luq yarımstansiyaları yenidən qurularaq genişləndirilib. Həmçinin, “Mingəçevir–Samux” ötürmə xətti və “Samux” yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib.

Ümumi effektivliyi artırmaq məqsədilə “AzərEnerji” Mingəçevirdəki “Azərbaycan” İES-in iki enerji blokunun buxar turbinlərini zəmanətli əsaslarla modernləşdirib. Yeni elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə 120 qram azalaraq 225 qram təşkil edir. Bu, illik 1 milyard m³ təbii qaza qənaət və 2 milyon ton karbon qazının atmosferə buraxılmasının qarşısını alır. Faydalı iş əmsalı 17% artaraq 38,5%-dən 55,5%-ə yüksəlib.

Adətən belə böyük stansiyalar 3-5 ilə tikilsə də, Azərbaycan layihəni 2 il ərzində tamamlayıb. Digər ölkələrdəki analoqlarla müqayisədə isə bu stansiyanın tikintisinə xərclənən vəsait bir neçə dəfə az olub. Yeni stansiya ölkənin etibarlı enerji təminatının qoruyucusu olacaq.

Qeyd edək ki, media tur iştirakçıları stansiyada Vətən müharibəsi zamanı stansiyaya atılmış raketlərin düşdüyü yerdə əbədiləşdirilən xatirə guşəsini də ziyarət edib.