AĞDAM, 31 may. TELEQRAF

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Mehdiyev Valodiya Binnət oğlunun anım günü münasibətilə anadan olduğu kənddə xatirəsi yad olunub.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, şəhidin boya-başa çatdığı Ağdamın Şaybalı kəndində gerçəkləşən tədbirdə onun yaxınları, kənd sakinləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə, şəhidin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb. Sonra iştirak edənlər şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi döyüş yolundan danışıblar.

Qeyd olunub ki, Valodiya Birinci Qarabağ müharibəsi zamanı könüllü Şirin Mirzəliyevin rəhbərlik etdiyi 836 nömrəli hərbi hissənin tərkibinə qatılaraq, vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1992-ci il mayın 10-da Araz Zəmin, Pirəcamal, Naxçıvannik və Ağbulaq kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Sonra ağır yaralanan Valodiya hərbi hospitala yerləşdirilir. Lakin onun yaraları ağır olduğundan 21 gün sonra hospitalda vəfat edir və 1992-ci il mayın 31-də Ağdam rayon Saybalı kənd qəbristanlığında torpağa tapşırılır.

Qeyd edək ki, 1940-cı il yanvarın 3-də anadan olan Valodiya Mehdiyev döyüşlər başlayan zaman 2 övlad atası olub.