MİNGƏÇEVİR, 27 may. TELEQRAF
1992-ci ildə Ağdərədə gedən döyüşlərdə şəhid olmuş Novruzov Əsəddin Guru oğlunun nəşi illər sonra Mingəçevirə gətirilərək, Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, öncə şəhidin ailəsi və ictimaiyyət nümayəndələri ilə vida mərasimi keçirilib. Şəhidin həyat yoldaşı Şamaxə Novruzova onunla bağlı xatirələrini bölüşərək bildirib ki, Əsəddin Novruzov 1992-ci ildə yaşadıqları Ağdərə rayonunun Başgüney kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
O əlavə edib ki, ixtisasca həkim olan Əsəddin Novruzov özünümüdafiə batalyonunun fəal döyüşçüsü olub və döyüşlər zamanı həyatını itirib. Həyat yoldaşı bu faciəvi hadisəni belə xatırlayır: "O, oğlu Şamil ilə bərabər düşmənlə qeyri-bərabər döyüşdə şəhid olub. Oğlum atasının meyitini evə gətirdi, sonra isə mənə təcili olaraq "uşaqları götürün, tez uzaqlaşın" dedi. O gündən illər keçdi və nəhayət, ərimin nəşini bizə təhvil verən dövlətimizə ailəmiz adından təşəkkür edirəm".
Mərasimdən sonra, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə Əsəddin Novruzovun nəşi Şəhidlər xiyabanına gətirilərək, rəsmi mərasimlə dəfn edilib.