GÖYGÖL, 27 may. TELEQRAF
"Vətən müharibəsindən sonra 202 min hektardan artıq ərazi mina və hərbi sursatlardan təmizilənib. Bu ərazilərdə ümumilikdə 196 mindən çox mina və sursat aşkarlanıb".
Bu barədə Teleqraf-ın yerli bürosuna açıqlamasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Göygöl Təlim Mərkəzinin təlim rəhbəri Musa Məmmədov bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları davam edir.
"Əsas diqqət inkişaf layihələrinin nəzərdə tutulduğu ərazilərə yönəlib. Ağdam, Fizuli, Cəbrayıl, Laçın, Qubadlı və Xankəndi ərazilərində mina təmizlənməsi işləri gedir. Bu işlərə bizim agentliyin əməkdaşları ilə yanaşı, Müdafiə, Fövqaladə Hallar nazirliklərinin və iki yerli şirkətin əməkdaşları cəlb olunub", - deyə M. Məmmədov söyləyib.