BAKI, 26 may. TELEQRAF

Ağdam rayonunun işğaldan azad edilmiş Əliağalı kənd məktəbinin 45 il əvvəlki məzunları doğma yurdlarında görüşərək rəmzi "Son zəng" tədbiri keçiriblər.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, məzunlar əvvəlcə Ağdamın Şəhidlər xiyabanında sinif yoldaşları, şəhid Saleh Ələkbərovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş digər şəhidlərin məzarlarını ziyarət ediblər, ruhlarına dualar oxuyublar.

Eyni zamanda, onlar 1993-cü ildə Əliağalı işğal olunan zaman şəhid olan sinif yoldaşları Hüseynova Ətrabə Lazim qızının xatirəsini yad ediblər.

Sonra işğaldan azad edilmiş Əliağalı kənd orta məktəbinin dağıntıları ətrafında rəmzi "Son zəng" tədbiri keçirilib. 45 il əvvəlin məzunları məktəb illəri ilə bağlı xatirələrini bölüşüblər, müəllimlərini yada salıblar, məcburi köçkünlük dövründə yaşadıqları çətinliklərdən danışıblar, azad Əliağalıda görüşməyin böyük sevinc və qürur olduğunu söyləyiblər.

Qeyd edək ki, məzunlar hazırda Azərbaycanın müxtəlif bölgələrində yaşayır və son 32 ildə kollektiv olaraq bir araya gələ bilməyiblər.