GƏNCƏ, 23 may. TELEQRAF
Gəncənin Məhsəti qəsəbəsində vəziyyət getdikcə dözülməz hal alır. Qəsəbəni bürüyən kəskin üfunət iyi sakinlərin ciddi narazılığına səbəb olub.
Teleqraf-ın bölgə müxbirinin verdiyi məlumata görə, problemin kökündə Gürcüstanın Poti limanından gətirilən kartof yükləri dayanır. Belə ki, Türkiyə vətəndaşı olan Mehmet adlı bir sahibkarın sifariş etdiyi 37 TIR kartof artıq bir aya yaxındır ki, Gəncə Gömrük İdarəsində saxlanılır.
Məlumata görə, sahibkar gömrük rüsumunu ödəməkdən imtina etdiyi üçün yük maşınları gömrük ərazisinə buraxılmayıb.
Gömrük ərazisində yer olmadığından, TIR-lar Məhsəti qəsəbəsinin yaxınlığında park edilib. Hava şəraiti və uzunmüddətli gözləmə nəticəsində kartoflar xarab olub, çürümüş məhsullardan yayılan üfunət iyi isə qəsəbəni bürüyüb. Yerli sakinlər vəziyyətdən ciddi narahatdırlar.
Sürücü Türkiyə vətəndaşı Mehmet Okumuş bildirir ki, məhsulları Gürcüstandan yükləyib, Gəncəyə çatdırıblar. Onlara söz verilib ki, Gömrük İdarəsində yüklər boşaldılacaq və ödənişlərini alıb geri dönəcəklər. Amma son iki həftədə cəmi iki maşın buraxılıb:
“Son 15 gündə cəmi iki maşın çıxıb. Biz bilmirik nə edək. Heç kim maraqlanmır, heç bir cavab verilmir”.
İran vətəndaşı olan başqa bir sürücü Ərşad Mollayi də yaranan vəziyyətdən narazıdır:
“Kartofların suyu axır yerə. Gəlib boşaltmırlar, çünki pulları yoxdur. Bu malları Mehmet adlı Türkiyə vətəndaşı sifariş edib. Burada 37 maşın var. Heç birinə gömrük rüsumu ödənmir, mal boşaldılmır”.
Qəsəbə sakinləri də bu vəziyyətdən əziyyət çəkdiklərini deyirlər. Pis qoxu səbəbindən küçədən keçmək belə çətinləşib.
Qəsəbə sakini Fərhad Quliyev vəziyyətə belə münasibət bildirir:
“Buradan keçmək mümkün deyil. Ətrafa elə pis iy yayılıb ki, adam nəfəs ala bilmir. İçində nə olduğunu bilmirik, amma vəziyyət ağırdır”.
Problemin həlli ilə bağlı rəsmi orqanlardan heç bir açıqlama verilməyib. Sakinlər və sürücülər isə aidiyyəti qurumlardan tezliklə tədbir görülməsini gözləyirlər.