GƏNCƏ, 16 aprel. TELEQRAF

Ölkə ərazisində yağan aramsız yağışlar Gəncədə bir sıra fəsadlara yol açıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış suları dolub. Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları və xüsusi avadanlıqları cəlb olunub. Həmçinin səhər saatlarından etibarən Gəncə şəhər Sukanal İdarəsi və Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunublar.

Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən xüsusi avadanlıqlar vasitəsi ilə həyətlərə və evlərə dolan suların çəkilməsi işləri həyata keçirllir. Eyni zamanda yağış sularının istiqamətinin dəyişdirilməsi üçün ərazidə qazıntı işləri aparılır.

Qeyd edək ki, sözügedən ərazidə şəhərsalma və tikinti məcəlləsinin tələblərini pozaraq inşa edilən yaşayış evləri subasma riskinə məruz qalıb.