LƏNKƏRAN, 12 mart. TELEQRAF

Hazırda Lənkəran Beynəlxalq Hava Limanında İrana göndərilməsi nəzərdə tutulan humanitar yüklərin boşaldılmasına başlanılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, yüklərin qəbul mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokim, həmçinin İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iştirak edir.

İranın Azərbaycandakı səfiri mediaya verdiyi açıqlamada bildirib ki, Azərbaycan bu çətin günlərdə İrana göstərdiyi humanitar dəstəyə görə xüsusi təşəkkürə layiqdir.

O, həmçinin Azərbaycanın humanitar yüklərin çatdırılması üçün öz quru və hava yollarından istifadə olunmasına şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

***

15:16

Rusiya Federasiyası tərəfindən İran İslam Respublikasına göndərilən humanitar yardım yüklü təyyarə Lənkəran Beynəlxalq Hava Limanına eniş edib.

Teleqrafın Cənub bürosu xəbər verir ki, yüklər hava limanında boşaldıldıqdan sonra xüsusi avtomobillərə yüklənərək Azərbaycan ərazisindən keçməklə İran istiqamətinə yola salınıb. Humanitar yardımın quru yolla sərhəddən keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, ümumi çəkisi 13 tondan artıq olan humanitar yük əsasən tibbi ləvazimatlardan ibarətdir. Yardımın qısa müddətdə İrana çatdırılması üçün logistika prosesi operativ şəkildə təşkil olunub.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycan tərəfindən də İran İslam Respublikasına 30 tona yaxın humanitar yardım göndərilib. Yardım əsasən ərzaq məhsulları və zəruri ləvazimatlardan ibarət olub.