GƏNCƏ, 12 aprel. TELEQRAF
Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd edilir.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Gəncə və ətraf bölgələrdə yaşayan pravoslav xristianlar gecə saatlarından etibarən məbədə toplaşaraq İsa Məsihin dirilməsini ehtiva edən müqəddəs bayramı qeyd edirlər. Bayram münasibətilə icra olunan dini ayinlərdə ölkəmizdə daimi sülh, əmin-amanlıq və firavanlığın hökm sürməsi üçün dualar edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda 200-ə yaxın pravoslav ailə yaşayır. Onlar hər il ənənəvi olaraq Aleksandr Nevski kilsəsinə toplaşaraq öz dini bayramlarını və mərasimlərini birgə qeyd edirlər.