GƏNCƏ, 26 mart. TELEQRAF

Gəncədə yerləşən və bir zamanlar insanların istirahət məkanı olan Dəmiryolçular parkı, bu gün baxımsız vəziyyətdədir. Parkın ərazisi məişət tullantıları ilə dolub, ümumiyyətlə, ərazidə heç iş aparılmır. Sınıq-salxaq oturacaqlar, işləməyən işıqlandırma sistemi və ümumilikdə birabırçı mənzərə diqqəti cəlb edir. Vaxtilə dəmiryolçular və onların ailələri üçün salınan bu park indi acınacaqlı duruma düşüb.

Şəhər sakini Tahir Məmmədov Teleqraf-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, tanınmış müğənni Şövkət Ələkbərova vaxtilə burada konsert verib.

“Burada hovuz, klub olub. Böyük artistlər gəlib. Qaynatam deyirdi ki, Şövkət Ələkbərova cavan vaxtlarında bu parkda oxuyub. Hamı ona tamaşa edirmiş. İndi isə vəziyyət başqadır. Bu ağaclara baxıb ürəyim ağrıyır. Günü-gündən quruyur. Nə sulanır, nə də baxılır. Parka baxılmalıdır ki, bura daha gözəl qalsın”, - deyə o qeyd edib.

Digər sakin Zöhrab Hüseynov aidiyyəti qurumların diqqətsizliyindən gileylənir: “Bura dəmiryol parkı olub. Amma kimsə sahib çıxmır. Parkdan keçəndə adam qəribə hal yaşayır”.

Parkın yararsız vəziyyəti nə bu günün, nə də dünənin mənzərəsidir. İllərdir parkda abadlıq işləri aparılmır. Hər il isə vəziyyət daha da pisləşir.

Məsələ ilə bağlı Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Teleqraf-ın yerli bürosuna deyilib ki, park "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (QSC) balansındadır. Yəni parka xidmət göstərmək həmin qurumun vəzifəsidir. QSC-nin mətbuat xidmətindən isə bildirilib ki, həmin parkda abadlıq və quruculuq işlərinin aparılması nəzərdə tutulmur.

"Azərbaycan Dəmir Yolları" qeyri-profil aktivlərini təhvil verir. Buna tibb müəssisələrini, su obyektlərini misal göstərmək olar. Bu obyektlər aidiyyəti üzrə təhvil veriləcək", - deyə xidmətindən bildirilib.