​GƏNCƏ, 23 mart. TELEQRAF

"İran məhkəməsinin Yasin Hüseyinzadə barəsində çıxardığı ölüm hökmünün icrasından heç bir xəbər yoxdur".

Bu barədə Teleqraf-ın yerli bürosuna İrandakı səfirliyimizə hücum zamanı qətlə yetirilmiş Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib.

O, bayramdan sonra ölkəmizin İran İslam Respublikasındakı səfiri Əli Əlizadə ilə danışacağını deyib.

"Bayramdan sonra Əli müəllimlə danışacam. Mənə tez-tez zəng edir. Bütün sənədləri xeyli müddətdir göndərmişik. Hazırda İranda da bayram tətildir" - deyə R. Əsgərov bildirib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

İran Ali Məhkəməsi qatil Y.Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Orxan Əsgərovun ailəsi onu əfv etmədiyinə görə hökm icra olunmalıdır.