BAKI, 14 iyul. TELEQRAF

"Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması kifayət qədər müsbət məqamdır və bu sektorun inkişafına xüsusi təkan verəcək. Bütün bunlarla yanaşı, torpaqların kateqoriyasının dəyişdirilməsi mexanizminin daha da sadələşdirilməsi və bu siyahının daha da genişləndirilməsi məqsədəuyğundur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü növbədənkənar plenar sessiyasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda sənayenin inkişafı əsas prioritet hədəflərdəndir:

"Azərbaycanda sənayenin inkişafı əsas prioritet hədəflərdəndir və qiymətləndirmələr göstərir ki, bir sıra hallarda torpaqların kateqoriyasının dəyişidirlməsinin xeyli vaxt tələb etməsi və bəzi hallarda isə bunun mümkün olmaması sənayenin inkişafı üçün arzuolunan hesab edilmir. Kənd təsərrüfatının inkişafının dəstəklənməsi kontekstində torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilməsi xüsusən bölgələrimizə sərmayə cəlbi üçün vacibdir. Çünki bir sıra torpaqların kateqoriyasının dəyişdirilməsindəki çətinliklər istehsal ərazisində sənaye üçün infrastrukturun qurulmasına və ya genişlənməsinə mane olur. Buna görə də, xüsusən, sənaye məhsullarının istehsalı üçün torpaqların kateqoriyasının dəyişidirilməsi prosedurlarının asanlaşdırılmasına və bu istiqamətdə daha çox güzəştlərin verilməsinə ehtiyac var".