BAKI, 12 oktyabr. TELEQRAF
“Azərbaycan Hava Yolları” (AZAL) hazırda Bakı-Praqa marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. 2026-cı ildə uçuşların ümumi sayının 194-ə çatacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə "AZCON Holding"in icraçı direktoru Şahin Babayev Azərbaycan-Çexiya Biznes Forumunda çıxışında deyib.
O qeyd edib ki, bu, əvvəlki illə müqayisədə 14% artım deməkdir:
"Artım işgüzar səfərləri, turizmi və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsini dəstəkləyir. Metro infrastrukturu və əlaqəli sənaye həlləri də daxil olmaqla, şəhər nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını da görürük”.
Şahin Babayev əlavə edib ki, maşınqayırma, metal emalı və avadanlıq istehsalı üzrə ixtisaslaşmış Çexiya şirkətləri Azərbaycanın modernləşdirmə səylərinə dəyərli təcrübə qazandıra bilərlər.