BAKI, 12 oktyabr. TELEQRAF
ABŞ və Yaponiya arasında oktyabrın 19-dan 29-dək keçirilməsi planlaşdırılan “Keen Sword” birgə hərbi təlimləri amerikalı hərbçinin yapon qadını öldürməsi ilə bağlı hadisəyə baxmayaraq, baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Hiroaki Uçikuraya istinadən məlumat yayıb.
General bildirib ki, Yaponiya hərbi rəhbərliyi baş vermiş cinayətə son dərəcə ciddi yanaşır. Bununla belə, o, jurnalistlərlə görüşündə hərbi təlimlərin sözügedən hadisədən ayrı qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın əvvəlində Yaponiyanın cənubundakı Okinava adasında yerli qadının qətlə yetirilməsi və qarət olunması ilə əlaqədar ABŞ Dəniz Piyadaları Korpusunun 20 yaşlı hərbçisi həbs edilib. Şübhəli şəxs ittihamları qəbul etmir.
Məlumata görə, “Keen Sword” təlimlərinə Yaponiya tərəfindən 45 min, ABŞ tərəfindən isə təxminən 12 min hərbçi cəlb olunacaq. Manevrlərdə Avstraliya, Almaniya və Fransa da daxil olmaqla, daha yeddi ölkənin hərbi bölmələrinin iştirakı nəzərdə tutulur.
Təlimlər zamanı Yaponiya ilk dəfə təxminən 1000 kilometr mənzilli yeni “Type-25” mobil yerüstü raket sistemlərini nümayiş etdirəcək. İki ölkənin hərbçiləri bu silahların hədəfə yönəldilməsi və tətbiqi üzrə qarşılıqlı fəaliyyəti məşq edəcəklər. Bununla belə, real raket buraxılışları həyata keçirilməyəcək.
ABŞ Silahlı Qüvvələri də təlimlər çərçivəsində ilk dəfə Tayvandan təxminən 110 kilometr məsafədə yerləşən Yonaquni adasında ən müasir pilotsuz mobil raket kompleksi olan “NMESIS” sistemini yerləşdirəcək.
Xatırladaq ki, “Keen Sword” təlimləri iki ildən bir ABŞ və Yaponiyanın “Keen Edge” komanda-qərargah təlimləri ilə növbəli şəkildə keçirilir.