BAKI, 12 oktyabr. TELEQRAF
1995-ci ildən 2026-cı ilin birinci yarısınadək Çexiyanın Azərbaycana birbaşa investisiyalarının həcmi təxminən 74 milyon dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda çıxışında deyib.
O qeyd edib ki, bu rəqəmin təxminən 70 milyon dolları qeyri-neft-qaz sektoruna yönəldilib:
“Eyni dövrdə Azərbaycanın Çexiyaya birbaşa investisiyalarının həcmi də təxminən 70 milyon dollar təşkil edib.
Hazırda Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmətlər daxil olmaqla, müxtəlif sahələrdə 34 Çexiya şirkəti fəaliyyət göstərir.
Nəqliyyat və logistika sahələri də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlər yaradır. 2025-ci ildə Ələt-Astara istiqamətində tranzit daşımaların həcmi 32 min tona çatıb və 47 faiz artıb. Bu prosesdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri mühüm rol oynayır”.
Y.Abdullayev qeyd edib ki, Çexiya şirkətləri ilə əməkdaşlıq getdikcə nəqliyyat, sənaye və investisiya layihələrinə doğru genişlənir:
“Buna nümunə olaraq, “Skoda Group” ilə bəzi layihələr üzrə əməkdaşlığı, eləcə də ərəb regionunda “Ardan Ultra” layihəsi çərçivəsində “AŽD Praha” şirkəti ilə əməkdaşlığı göstərmək olar.
Bu yanaşma sentyabr ayında Bakıda, Əli Əsədovun himayəsi ilə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda da öz əksini tapıb.
Forumda təxminən 70 ölkədən 3000-dən çox iştirakçı bir araya gəlib. Müxtəlif sahələri əhatə edən 23 sənəd imzalanıb və ümumi dəyəri təxminən 11 milyard dollar olan sənədlər mübadilə edilib”.