BAKI, 12 oktyabr. TELEQRAF

“Barselona” klubunun sabiq prezidenti Joan Qaspart Lionel Messini vida mərasiminin gecikməsi ilə bağlı tənqid edib.

Teleqraf xəbər verir ki, keçmiş funksioner argentinalı ulduzu “Barselona” azarkeşləri ilə vidalaşmağı gecikdirməməyə çağırıb.

Qaspartın sözlərinə görə, Messi klub prezidenti Xoan Laportanın vəzifədə olduğu müddətdə vida mərasimində iştirak etmək istəmirsə, bu, qəbuledilməzdir:

“Messi dünyanın ən yaxşı futbolçusudur. Bunun müəyyən hissəsini, faizini deməyəcəyəm, “Barselona”ya borcludur. Buna görə də bunu unutmamalıdır.

Elə bir gün gələcək ki, cənab Messi Laporta prezident olduğu üçün kluba vida etməyə gəlmək istəməsə, bu, məni narahat edəcək. Prezident kim olursa-olsun, o, gəlib “Barselona” ilə vidalaşmalıdır.

Əgər Messi yalnız Laporta klubdan gedəndən sonra vida etmək istəyirsə, mən onun üçün təşkil olunacaq mərasimdə iştirak etməyəcəyəm. O kimdir ki, “Barselona”ya gəlib-gəlməməsini Laportanın prezident olub-olmamasından asılı etsin?” – deyə Qaspart bildirib.

Qeyd edək ki, Messi 2021-ci ildə “Barselona”dan ayrılıb.