BAKI, 12 oktyabr. TELEQRAF

Müstəqil Azərbaycanın əsas prinsipi dünyəvi modeldə inkişaf etməkdir və bu gün Azərbaycan dünyəvi bir dövlətdir.

Bunu Teleqraf-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli deyib.

O bildirib ki, buna görə onun təhsili dünyəvi əsasda inkişaf edir.

M.Həsənli təhsillə bağlı qəbul olunan vahid məktəbli geyiminin də ölkədəki bu dünyəvi təhsilin tərkib hissəsi olduğunu vurğulayıb.

“Bu, təkcə Azərbaycanda deyil. Orta Asiyanın Türk dövlətlərində də, dünyanın bir sıra ölkələrində də vahid məktəbli geyimi tətbiq olunur. Məktəbdə vahid geyim normalarının tətbiqi çox təbiidir. Çünki məktəbdə hər hansı əlavə bir görünüşdə, digər məsələlərdə ayrı-seçkilik olmamalıdır. Məktəb ölkədə vətəndaşı formalaşdıran əsas institutdur. Ona görə də orada fokus biliyin mənimsənilməsi olmalıdır. Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarlarla vahid məktəbli geyiminin tətbiqi də ayrı-seçkiliyi aradan qaldırır, bərabərliyi təmin edir. Nəticədə onların fikri daha da məktəbə, məktəbin əsas funksiyası olan biliyin mənimsənilməsinə yönəlir”, - o qeyd edib.

M.Həsənli bəzi tarixi məqamlara da toxunub.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan nəinki regionda, həm də Şərqdə maarifçiliyin əsas beşiklərindən biri olub:

“Çünki hələ 19-cu əsrin 50-ci illərində Mirzə Fətəli Axundzadə yazdığı dram əsərləri və ilk bədii nəsr nümunəsi olan “Aldanmış kəvakib” ilə böyük bir maarifçilik hərəkatının əsasını qoyub. 1870-ci illərdə maarifçiliyin əsası olan teatr, dramaturgiya, Azərbaycanda milli mətbuatın yarandığını görmüşük. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Məhəmməd Hadi böyük bir irs yaradıblar. Onlar həmin dini cəhalətə, geriliyə, məktəbin önəmi ilə bağlı, çox ciddi bir irs yaradıblar. Yüz il keçməsinə baxmayaraq dini cəhalət hələ də var. Eyni metodla yanaşmaq, cəmiyyəti geri çəkmək cəhdləri bu gün də müşahidə olunmaqdadır. Təbii ki, bizim bununla bağlı çox ciddi immunitetimiz var. O immunitet ilk növbədə 19-cu əsrin ikinci yarısı və 20-ci əsr əvvəllərində yaranan milli mətbuatımız, yaranan maarifçilik hərəkatımızdır. Biz onun bəhrəsini də, nəticəsini də gördük. Azərbaycan Şərqdə ilk dəfə olaraq 1918-ci ildə Xalq Cümhuriyyətini yaratdı, demokratik dünyəvi modeldə dövlət yaratdı. Azərbaycan ilk dəfə olaraq qadına səsvermə hüququnu tanındı. Bu da həmin o maarifçilik hərəkatının qadının cəmiyyətdə rolunun təsdiqinə, xurafatın, dini mövhumatın heçə saydığı qadını cəmiyyətin aktiv, fəal bir üzvü hesab edərək onu səsvermə hüququna qədər gətirib çıxartdı”.