BAKI, 12 oktyabr. TELEQRAF
Çexiya Azərbaycanı regionun digər bazarlarına çıxış üçün mühüm tərəfdaş hesab edir.
Teleqraf xəbər verir ki, bunu Çexiyanın Sənaye və Nəqliyyat İttifaqının vitse-prezidenti Radek Şpicar bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.
O qeyd edib ki, Azərbaycanın neftə əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalı sənaye və xidmət sahələrinə keçid strategiyası diqqətəlayiqdir:
“Bu istiqamətdə Azərbaycan üçün Çexiyadan daha yaxşı tərəfdaş təsəvvür etmək çətindir. Çexiya şirkətləri xarici bazarlarda yalnız məhsul satmağa deyil, yerli müəssisələrlə birgə layihələr həyata keçirməyə, istehsalı lokallaşdırmağa və mütəxəssislər hazırlamağa da önəm verirlər”.
O, Azərbaycanın iqtisadi inkişafını və həyata keçirilən strategiyanın nəticələrini yüksək qiymətləndirib.
Konfederasiyanın vitse-prezidenti Çexiyanın da Azərbaycan şirkətləri üçün Avropa İttifaqı bazarına çıxış mərkəzinə çevrilə biləcəyini bildirib:
“Azərbaycanı regionda genişlənmək üçün mərkəz kimi görürük. Eyni zamanda, Çexiyanı Azərbaycan şirkətlərinin Avropa İttifaqı bazarına çıxışı üçün platforma kimi təklif edirik”.