BAKI, 12 oktyabr. TELEQRAF

NATO ölkələri Rusiyanın hibrid hücumları nəticəsində insan ölümləri ehtimalına qarşı qətiyyətli cavab hazırlamalıdır”.

Teleqraf xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

Polşa XİN rəhbəri bildirib ki, Rusiya Avropa ölkələrində qeyri-sabitlik yaratmaq və daxildə parçalanma yaratmağa yönəlmiş əməliyyatlarını gücləndirdikcə insan ölümü riski də artır. O, alyansın bu cür hallara necə reaksiya verilməsi barədə qərar qəbul etməli olacağını qeyd edib:

“Hələlik söhbət əmlaka vurulan ziyandan gedir. Amma insanlar həlak olmağa başlasa, NATO çərçivəsində daha bir çox ciddi müzakirə aparmalı olacağıq. Rusların nə vaxt həddini aşdığına qərar verəcəyik? Bu, vəziyyətin qiymətləndirilməsi məsələsidir. Bu barədə əvvəlcədən razılaşdırılmış tərif yoxdur”.

Sikorski Avropadakı müttəfiqləri hücumlara cavab olaraq Rusiyanın konsulluqlarını bağlamağa, rusiyalı diplomatların hərəkət imkanlarını məhdudlaşdırmağa və sayını Polşada olduğu kimi azaltmağa çağırıb: “Bizdə artıq bağlanmamış konsulluq qalmayıb, digər ölkələrdə isə hələ də var”.

Nazir Aİ-yə daxil olan bütün Rusiya vətəndaşlarından biometrik pasport tələb edilməsini təklif edib. Onun sözlərinə görə, bu, agentlərin saxta sənədlərlə səyahət etməsinin qarşısını almağa kömək edəcək.

Sikorski Rusiya vətəndaşlarına Aİ tərəfindən turist vizalarının verilməsinin azaldılması çağırışlarını dəstəkləyib. Həmçinin digər Aİ ölkələrini də öz maraqları naminə kifayət qədər sübut olduğu təqdirdə hibrid hücumlara görə Rusiyanın məsuliyyətini açıq şəkildə bəyan etməyə çağırıb.