BAKI, 12 noyabr. TELEQRAF
“Ermənistan hazırkı siyasəti səbəbindən Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzv ölkələri timsalında ən etibarlı müttəfiqlərini itirmək riski ilə üzləşib”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı senatoru Vladimir Cabarov deyib.
O bildirib ki, İrəvan ölkənin gələcək xarici siyasət istiqaməti, o cümlədən Avropa İttifaqına (Aİ) mümkün üzvlük və ya Avrasiya İqtisadi Birliyində (AİB) qalmaq məsələsi ilə bağlı qərarın qəbulunu uzadır:
“Düşünürəm ki, Ermənistanın hazırkı rəhbərliyi odla oynayır. Çünki bu siyasət nəticəsində Rusiya və KTMT-nin digər üzv dövlətləri timsalında ən sadiq, etibarlı və təbii müttəfiqlərini itirə bilərlər”.
KTMT-nin Ermənistanı səsvermə hüququndan məhrum etmək qərarını şərh edən Cabarov təşkilata üzv ölkələrin bu addımını əsaslı və təşkilatın nizamnaməsinə uyğun hesab etdiyini vurğulayıb:
“Ermənistan nümayişkaranə şəkildə heç bir tədbirdə iştirak etmir, üzvlük haqlarını ödəmir. Daim bəyan edirlər ki, guya artıq KTMT-dən çıxıblar, halbuki bununla bağlı heç kim rəsmi müraciət təqdim etməyib”.
Xatırladaq ki, Ermənistan noyabrın 11-də KTMT-də səsvermə hüququndan məhrum edilib.