BAKI, 12 noyabr. TELEQRAF

İran və İraq arasında yerləşən “Somar” quru sərhəd-keçid məntəqəsi noyabrın 22-dən etibarən müvəqqəti bağlanacaq. Qərarın səbəbi təmir və texniki xidmət işləri ilə izah edilsə də, bu addım ABŞ-nin İraqın İranla sərhəd-keçid məntəqələrinin bağlanmasını tələb etdiyi vaxtda atılır.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İranın Yol və Nəqliyyat Təşkilatı Xarici İşlər Nazirliyinin bildirişi və İranın Bağdaddakı səfirliyinin müraciəti əsasında “Somar” keçid məntəqəsinin bağlanması barədə əyalət rəhbərliyinə məlumat verib. Keçid məntəqəsinin nə vaxt yenidən açılacağı hələ məlum deyil.

İraq rəsmiləri noyabrın 19-da texniki tələblərin yerinə yetirilməsi və təmir işlərinin aparılması məqsədilə keçid məntəqəsinin bağlanacağını bildirmişdilər.

İraq xarici işlər naziri Fuad Hüseyn bundan əvvəl Vaşinqtonun iki keçid məntəqəsi istisna olmaqla, İraqın İranla bütün sərhəd-keçid məntəqələrinin bağlanmasını rəsmi şəkildə tələb etdiyini açıqlamışdı.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə noyabrın 16-da İrana quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silahların, ikili təyinatlı texnologiyaların və sanksiya tətbiq edilmiş malların daşınma marşrutlarını məhdudlaşdırmaq məqsədilə “Dəmir Qapı” (Iron Gate) adlı işçi qrup yaradıb.