BAKI, 12 noyabr. TELEQRAF
Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) ötən gün saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
***
16:44
Lənkəranda zəhərlənmə hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, qeydə alınan zəhərlənmə faktı agentlik tərəfindən nəzarətə götürülüb. Dərhal araşdırmalara başlanılıb.
"İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilməkdədir.
AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir", - məlumatda qeyd olunub.