BAKI, 12 noyabr. TELEQRAF
“KTMT ilə bağlı mövqeyimizi Baş nazir Nikol Paşinyan açıq şəkildə bəyan edib, təşkilata marağımız azalıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sona Qazaryan KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi qərarına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Ermənistanın KTMT-yə marağının azaldığının bariz göstəricisi ondan ibarətdir ki, ölkə artıq ən azı dördüncü ildir təşkilatın büdcəsini parlament səviyyəsində təsdiqləmir və yüksək vəzifələrə namizədlər irəli sürmür. O hesab edir ki, buna səbəb KTMT-nin mövqeyinin Ermənistan üçün qəbuledilməz olmasıdır.
“Bir il, iki il gözləmək olar, amma KTMT artıq özünü tükədib. Təşkilatın region ölkələrinə münasibətdə tutduğu mövqe qəbuledilməzdir. Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı isə belə bir mexanizm mövcud deyil. Ermənistan hansı ittifaqın üzvü olmaq və hansından çıxmaq barədə qərar qəbul etdikdə, bu barədə məlumat əldə edəcəksiniz. KTMT-yə qarşı marağımız tükənib. KTMT elə bir mövqe ortaya qoyub ki, bu, bizim reallığımızla ziddiyyət təşkil edir”, - Sona Qazaryan vurğulayıb.
Xatırladaq ki, Ermənistan noyabrın 11-də KTMT-də səsvermə hüququndan məhrum edilib.