BAKI, 26 yanvar. TELEQRAF
Son onilliklərdə qlobal istiləşmə tendensiyasına baxmayaraq, ümumilikdə müasir iqlim dinozavrlar dövrü ilə müqayisədə xeyli daha soyuqdur. Alimlər bunun səbəbləri barədə müzakirələr aparırlar, amma bu tapmacaya getdikcə daha çox yeni element əlavə olunur.
Teleqraf xəbər verir ki, bu barədə “DailyGalaxy” məlumat yayıb.
Yeni tədqiqat okeandakı kalsium səviyyəsinin kəskin azalmasının Yer kürəsinin dinozavrlar dövründəki qlobal istixana vəziyyətindən bu günkü qütb buz örtükləri olan soyuq dünyaya keçidinə təsir edən mühüm amil ola biləcəyinə dair əsaslandırılmış fərziyyə irəli sürür.
Beynəlxalq tədqiqat qrupu dinozavrların məhv olmasından bəri okeandakı kalsium səviyyəsinin necə dəyişdiyini geoloji məlumatlar əsasında izləyib və kenozoik era ərzində onun konsentrasiyasının yarıdan çox azaldığını müşahidə edib.
Tədqiqatın aparıcı müəllifi doktor Devid Evansın sözlərinə görə, dinozavrlar dövründə kalsiumla zəngin okeanlar karbonu daha zəif saxlayırdı. Karbon isə karbon qazı və metan kimi əsas istixana qazlarının əsas elementidir.
Beləliklə, dəniz suyundakı kalsium miqdarı azaldıqca okeanlar daha çox karbon udmağa başlayıb və atmosferdə karbon qazının konsentrasiyası aşağı düşüb. Bu da qlobal soyuma prosesinə səbəb olub.
Professor Yair Rozental deyir ki, kalsium konsentrasiyasının azalması böyük ehtimalla okean dibinin yayılmasının (spredinqinin) zəifləməsi ilə bağlıdır. Bu, yeni okean qabığının formalaşmasına səbəb olan tektonik prosesdir. Sadə dillə desək, Yer qabığının dərin qatlarından dəniz suyuna daxil olan kalsiumun miqdarı xeyli azalıb. Amma bu proses təkbaşına suda karbonun toplanmasını başlada bilməzdi. Burada dəniz orqanizmləri mühüm rol oynayıb. Suda kalsiumun azalması onları qabıqları və skeletləri üçün alternativ “tikinti materialları” axtarmağa məcbur edib.
Birhüceyrəli dəniz orqanizmlərinin fosilləşmiş qabıqlarının kimyəvi tərkibinin təhlili göstərir ki, bu canlılar fəal şəkildə karbonu “tikinti materialı” kimi istifadə etməyə başlayıblar. Nəticədə atmosferdən okeana daxil olan karbon qazı dəniz sakinlərinin ehtiyacları üçün sərf olunub və yenidən atmosferə qayıtmayıb.
Nəhayət, bu xırda dəniz orqanizmlərinin fizioloji xüsusiyyətləri 66 milyon il ərzində planetin iqlimində nəhəng dəyişikliklərə gətirib çıxarıb.