
BAKI, 10 aprel. TELEQRAF
Yeni araşdırmaya görə, Ay ilə toqquşma potensialı olan göy cismi Yupiter ətrafındakı asteroid kəmərindən qopmuş ola bilər.
Teleqraf xəbər verir ki, astronomlar ilk dəfə 2024-cü ilin dekabrında kəşf edilən, əvvəlcə Yerlə toqquşma kursunda olduğu düşünülən 2024 YR4-ün fiziki xüsusiyyətlərini və potensial mənşəyini öyrənmək üçün Havaydakı Kek Rəsədxanasından istifadə ediblər.
“The Astrophysical Journal Letters” elmi jurnalında dərc olunacaq araşdırma diametri təxminən 60 metr olan kosmik cismin xokkey şaybasına bənzədiyini və sürətli fırlanmasını 20 dəqiqə ərzində tamamladığını üzə çıxarıb.
Tədqiqatın rəhbəri Brays Bolin deyib:
“YR4 fırlanmasını 20 dəqiqəyə tamamlayır, əks istiqamətdə fırlanır, düz, nizamsız formaya və sıx və bərk süxura malikdir”.
Kəşf elm adamları üçün tamamilə gözlənilməz oldu, çünki əksər asteroidlərin düz disklər yox, kartof və ya fırfıraya bənzədiyi düşünülür.
YR4 yaxın tarixdə Aya çırpılacaq ən böyük asteroidlərdən biri ola bilər. Astronomlar deyirlər ki, bu böyüklükdə bir cismin çırpılmadan sonra hansı həcmdə krater yarada biləcəyini görmək üçün səbrsizdirlər.
Son araşdırma göstərir ki, asteroid nə vaxtsa özündən daha böyük asteroiddən qopmuş ola bilər.
Astronomlar cismin Günəş işığını necə udduğunu və enerjini istilik kimi yaydığını araşdıraraq, onun silikatlarla zəngin olduğunu müəyyən ediblər. Bu, 2024 YR4-ün böyük ehtimalla Mars və Yupiter arasındakı asteroid qurşağından gəldiyini göstərir.
Tədqiqatçılar bina böyüklüyündə olan asteroidin Yupiterlə cazibə qüvvəsinin qarşılıqlı təsiri nəticəsində Yerə yaxın orbitə itələnə biləcəyini, sürətli fırlanmasının asteroid qurşağının mərkəzindən içəriyə doğru sürüşməsinə səbəb ola biləcəyini deyirlər.
“Onun əsas asteroid qurşağının mərkəzi hissəsindən gəlməsi bizi bir az təəccübləndirdi. Düşünürük ki, Yerdən yan keçən asteroidlərin əksəriyyəti asteroid qurşağının bu hissəsindən gəlmir”, - Bolin əlavə edir.
ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bundan əvvəl YR4-ün 2032-ci ildə Ayla toqquşa biləcəyini açıqlamışdı.