
BAKI, 14 aprel. TELEQRAF
Azərbaycanda fındıq bağlarının 50% güzəştlə sığortalanmasına başlanılıb.
Aqrar Sığorta Fondundan Teleqraf-a verilən məlumata görə həyata keçirilən bu dəstək fermerlərin iqlim dəyişiklikləri, qeyri-sabit hava şəraiti, vəhşi heyvan və quş hücumları, eləcə də üçüncü şəxslərin təsərrüfatlara vurduğu zərərlərdən qorunmasını təmin edəcək.
Statistikaya əsasən, hazırda Azərbaycanda 80 601 hektar fındıq bağı mövcuddur. Bu sahələrin təxminən 57 min hektarı artıq məhsul verir. Ölkədə bir hektar fındıq bağının məhsuldarlığı orta hesabla 12,7 sentnerdir.
Azərbaycanda fındıq sahələrinin təxminən 96 faizi ölkənin iki regionunda - Şəki-Zaqatala (57 min hektar) və Quba-Xaçmaz (20 min hektar) iqtisadi zonalarında yerləşir.
Ən böyük fındıq bağları sahəsi Zaqatala rayonundadır - 20,2 min hektar. Xaçmaz rayonunda 11,7 min hektar, Balakən və Qax rayonlarında isə 10 min hektar fındıq bağı mövcuddur.
Fındıq bağlarının aktiv əkildiyi rayonlar arasında Qəbələ (7,1 min hektar), Qusar (6,5 min hektar), Şəki və Oğuz (hər biri 4,4 min hektar) rayonlarını qeyd etmək olar.
Fındıq bağlarının sahəsi sürətlə genişlənməkdədir - təkcə 2024-cü il ərzində 346 hektar yeni bağ salınıb.
Fındıq həm də Azərbaycanın ixrac etdiyi əsas məhsullardan biridir. 2023-cü ildə ölkəmiz xaricə ümumi dəyəri 4 milyon 970 min dollar olan 830 ton fındıq ixrac edib. 2024-cü ildə isə Azərbaycandan xaric bazarlara ümumi dəyəri 8 milyon 33 min dollar olan 1 218 ton fındıq ixrac olunub.
Sığorta haqqı isə regionlardan asılı olaraq dəyişir və olduqca aşağıdır. Məsələn, fındığın kütləvi şəkildə əkildiyi Xaçmaz rayonunda 1000 manatlıq məhsulu sığortalamaq üçün fermer cəmi 7,25 manat ödəməlidir.
Zaqatala, Balakən və Qax rayonlarında isə 1000 manatlıq fındığın sığortası fermerə cəmi 20 manata başa gəlir.
Artıq 2024-cü ildən etibarən fındıq sahələri üzrə sığorta ödənişlərinə də başlanılıb. Ötən il fındıq bağlarına dəymiş zərərlərə görə fermerlərə və təsərrüfatlara 4 737 manat sığorta ödənişi edilib.
Fındıq bağı sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta etdirə bilərlər. Bu halda, ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvə dəyəri qədər sığorta ödənişi verilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi cəmi 0,83% təşkil edir. Məsələn, ildə 20 manatlıq məhsul verən naringi (mandarin) ağacının illik sığorta haqqı cəmi 50 qəpikdir. 50%-lik dövlət dəstəyini nəzərə aldıqda, fermer cəmi 25 qəpik ödəməklə ildə 20 manatlıq məhsul verən ağacı çoxsaylı risklərdən sığortalaya bilər.
Aqrar sığorta məhsulları və şərtləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və ya 1651 Çağrı Mərkəzinə müraciət etməklə əldə etmək mümkündür.