BAKI, 14 aprel. TELEQRAF

Ermənistan hakimiyyəti konstitusiyası ilə bağlı məsələləri müstəsna olaraq vətəndaşlarla müzakirə edir.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan deyib.

“Nəyin dəyişəcəyi bəlli deyil. Konstitusiyaya dəyişiklik tarixlərinə gəlincə, baş nazirin (Nikol Paşinyan) dediyi kimi, 2026-cı ili düşünürük, amma konkret bir tarix yoxdur”, - deputat bildirib.

Aleksanyan son tarixdə dəyişikliyə nəyin səbəb olduğunu cavablandırmayıb və konstitusiyaya 2025-ci ildə, hətta sabah da düzəlişlər edilə biləcəyini istisna etməyib.

Xatırladaq ki, dəyişikliklə Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılacağı gözlənilir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının tələbidir.

Əvvəllər İrəvandan dəyişikliyin 2027-ci ildə olacağı bəyan edilsə də, Ermənistanın hakim partiyasından verilən son açıqlama tarixin önə çəkildiyini göstərir.