BAKI, 14 aprel. TELEQRAF

Azərbaycanda qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Urfan Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf xəbər verir ki, aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Urfan Quliyevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) maddəsi həmin məcəllənin 193-2-ci maddəsinə tövsif edilib. Ona iki maddə üzrə bəraət verilib. U.Quliyev digər maddələrlə təqsirli bilinib və 1 il 10 ay 10 gün müddətinə azadlıqdan mərhum edilib. Bu cəza onun ev dustaqlığında saxlanılması ilə əvəzlənib və məhkəmə zalından sərbəst buraxılıb.

Xatırladaq ki, dövlət ittihamçısı U.Quliyevə 10 il həbs cəzası istəmişdi. Prokuror eyni zmanada, təqsirləndirilən şəxin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini təklif etmişdi.

İttihama görə, Quliyev Urfan İlqar oğlu Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil edib. İttihama əsasən, yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsi 29 milyon manatdan artıq olub. U.Quliyev bu yolla 3 milyon manatdan artıq qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmada təqsirləndirilib.

Onun barəsində Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) ittiham irəli sürülmüşdü.