BAKI, 14 aprel. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun Azərbaycan əleyhinə səsləndirdiyi iddialar nə ilə bağlıdır? İndiki halda bu cür yanaşmaların ortaya çıxmasında məqsəd nədir?

- Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Azərbaycanı heç də elə-belə hədəfə almamışdı. İllərdir ki, bu təşkilatlarla ölkəmiz arasında münasibətlər var idi. 2001-ci ildən AŞPA-nın üzvü olan Azərbaycan eyni vaxtdan Avropa Parlamenti ilə də sıx ünsiyyətə malikdir. Bu müddət ərzində onların fikirləri, münasibətləri tam aydın olub. Amma indi vəziyyət tamam fərqlidir. Azərbaycan bu təşkilatlarla əməkdaşlığa başladığı dövrdə ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal altında idi, 1 milyon vətəndaşı qaçqın və məcburi köçkünə çevrilmişdi. Görünür, Azərbaycanın bu durumda olması onlara sərf edirmiş. Düşünürdülər ki, bu vəziyyətdə olan Azərbaycana diktə etmək, ağıl öyrətmək nisbətən asan ola bilər. Hətta bir qədər də irəliyə gedərək, Azərbaycanı işğal faktı ilə barışdırmaq kimi absurd iddialara da düşürdülər. Hətta bunun fonunda müəyyən vədlər verirdilər. O vaxt tamam başqa bir situasiya hökm sürürdü. Amma Azərbaycan yeni reallıq yaratdıqdan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra onun aparıcı faktor kimi ortaya çıxması həmin təşkilatlar üçün “göz dağına” çevrildi. Bununla da onlar özlərinin absurd düşüncələrindən məhrum oldu. Beləliklə, Azərbaycana qarşı yanaşmaları kəskin şəkildə, vaxt itirmədən dəyişdilər.

- Bununla nəyə nail olmaq istəyirdilər?

- Hesab edirdilər ki, Azərbaycan indiki səviyyədə AŞPA-da tənqid olunsa, əleyhinə “qətnamə”lər qəbul edilsə, bəlkə öz iddialarını yeridə bilərlər. Bununla Azərbaycanı ram etmək istəyirdilər. Amma gördülər ki, Azərbaycan öz milli maraqlarını onların yalançı dəyərlərindən daha üstün tutur. Ona görə də normal yanaşma olmayacaqsa, rəsmi Bakı AŞPA-da iştirak etməyəcək. Ölkəmizin təşkilatda fəaliyyətini dayandırması da məhz bu amillərlə bağlı idi.

- AŞPA ilə Azərbaycan arasında məsafə yaratmaqda məqsəd nə idi?

- Düşünürdülər sıx təmaslar, gediş-gəliş olmasa, bu Azərbaycana mənfi təsir edə bilər. Amma əksini gördülər. Ölkəmiz öz inkişafında davam etdi və daha böyük uğurlara imza atdı. Ona görə də Azərbaycana qarşı səbrsiz, dözümsüz davranışlar sərgiləyir, absurd iddialar irəli sürürlər. İsterik vəziyyətdə diplomatiyadan kənar, elan edilmiş dəyərlərə zidd olaraq qışqır-bağırla məşğuldurlar. Hazırda AŞPA təmsilçilərinin davranışları mədəniyyətdən tamamilə uzaqdır. Bu əslində Avropanın necə dərin bir quyuya düşdüyünü göstərir. Azərbaycan, Türkiyə, Ukrayna, Macarıstan və Gürcüstanla bağlı olanlar da bunu təsdiq edir. Bütün bunlar isə AŞPA-da Rusopulos, Şvabe kimi şəxslərin maraqlarının məntiqinin nəticəsi olaraq ortaya çıxır.

- Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı məsələ nə yerdədir? Azərbaycanın bu məhkəmənin hakimlərinin seçimlərində iştirak etmədiyi halda, onun çıxarmış olduğu qərarları icra etməyəcəyini açıqlayıb.

- Burada olan məntiqi yəqin ki, onlar başa düşmürlər. Çünki Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçkisində faktiki olaraq iştirak etməyib. Misal olaraq, mən Qazaxdan Milli Məclisə deputat seçilmişəm və parlamentdə ancaq onları təmsil edirəm. Başqa rayonun seçicilərini mənim parlamentdə təmsil etməyim qeyri-mümkündür. Bu adi elementar bir məntiqdir. AŞPA da isə bunların adları dəyişib. Orada isə hakimlər seçilir. Azərbaycan təmsilçisi olaraq biz həmin hakimlərin üzünü görməmişik və seçilməsində ümumiyyətlə iştirak etməmişik. Ona görə də həmin hakimlərin çıxartmış olduğu qərarları bizim icra etməyimiz mümkün deyil. Azərbaycan Prezidenti də məhz dəmir məntiqə əsaslanaraq vurğuladı ki, biz artıq ikinci ildir həmin hakimlərin seçkisində iştirak etmirik. Məhkəmə qərarları isə o hakimlər tərəfindən verilir. Belə olduğu halda bizim həmin hakimlərin çıxartdığı qərarlara etimad etməyimiz reallıqdan uzaqdır.

- Hakimlərin seçkisində prosedur qaydaları necədir?

- Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri AŞPA tərəfindən seçilən bir qurumdur. O hakimlər Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etmiş hər bir üzv dövlət tərəfindən irəli sürülmüş üç namizəddən ibarət siyahıdan seçilir. Hüquq sahəsində təcrübəsi olan parlamentarilərdən ibarət 20 nəfərdən ibarət komitə qapalı iclasda toplanır və məhkəmənin bütün hakimliyə namizədləri ilə müsahibə aparır və onların CV-lərini tam məclis üçün tövsiyələr verməzdən əvvəl qiymətləndirir, gizli səsvermə yolu ilə hər siyahıdan bir hakim seçilir. Hakimlər doqquz il müddətinə seçilir və yenidən seçilə bilməz.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞPA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb.

Həmçinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər təşkilat üzvləri kimi Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib.