BAKI, 9 aprel. TELEQRAF

Yeni müşahidələr göstərir ki, Uranda bir sutka əvvəllər düşünüldüyündən bir qədər uzundur.

Teleqraf xəbər verir ki, ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) “Hubble” kosmik teleskopu tərəfindən toplanan məlumatlar Uranın öz orbiti ətrafında 17 saat 14 dəqiqə 52 saniyədə tam dönüş etdiyini göstərir.

Bu, 1980-ci illərdə NASA-nın “Voyager 2” kosmik gəmisi tərəfindən edilən təxminlərdən 28 saniyə uzundur.

Fransa alimlərinin rəhbərlik etdiyi qrup buz nəhənginin maqnit qütblərini izləmək və Uranın fırlanma dövrünü daha dəqiq hesablamaq üçün 10 illik auroral müşahidələri təhlil ediblər. Günəşdən uzaqlıq sırasına görə 7-ci planet olan Uranın Günəş ətrafında fırlanması 84 il çəkir.

Paris Rəsədxanasından Loran Lami bildirib ki, “Hubble”ın davamlı müşahidələri onun aparıcı müəllifi olduğu tədqiqatın nəticələrinin əldə edilməsində mühüm rol oynayıb. Lami və komandası təklif edir ki, bu üsul aurora və maqnitosferə malik istənilən göy cisminin fırlanmasını hesablamaq üçün tətbiq oluna bilər.

“Nature Astronomy” jurnalında dərc edilən tapıntılar “Hubble”ın buraxılmasının 35-ci ildönümünə təsadüf edir. Kosmik teleskopu 1990-cı il aprelin 24-də NASA-nın “Discovery” kosmik gəmisi orbitə çıxarıb.