
BAKI, 10 aprel. TELEQRAF
Elm adamları Günəş sistemindən kənarda həyat axtarmaq üçün yeni bir missiya istəyirlər.
Teleqraf xəbər verir ki, İsveçrənin Sürix Universitetinin “Ekzoplanetlər üçün Böyük İnterferometr” adlı beynəlxalq missiyası digər dünyaların nə qədər müxtəlif olduğunu araşdırmaq üçün teleskoplar göndərməyi təklif edir.
Missiya temperaturu, radiusu və kütləsi Yerə oxşar olan çoxsaylı ekzoplanetlərin atmosferini tədqiq edəcək, su və oksigen axtaracaq.
Fizik Daniel Anqerhauzenin fikrincə, bir müsbət müşahidə hər şeyi dəyişdirə bilər: “Yeni həyat tapmasaq belə, aşkar edilə bilən bioimzaları olan nadir (və ya yayğın) planetlərin nə qədər ola biləcəyini öyrənə biləcəyik”.
Hazırda Günəş sistemindən kənarda təsdiqlənmiş 5800-dən çox ekzoplanet var. Bu ulduzların çoxu digər ulduzların ətrafında fırlanır və kəşf edilənlərin əksəriyyəti Süd Yolu qalaktikasındadır. Bununla belə, NASA milyardlarla belə planetin mövcud olduğuna inanır.
Qeyd edilir ki, elm adamları 40-80 ekzoplaneti araşdırıb həyat tapmasalar, oxşar planetlərin 10-20 faizindən azında həyatın ola biləcəyi qənaətinə gələ bilərlər. Bildirilir ki, bu nəticələr sayəsində tədqiqatçılar kainatda həyatın nə qədər yayğın olduğuna dair təxminlərə yuxarı hədd qoya biləcəklər.
“Belə bir nəticə dönüş nöqtəsi olardı”, - Anqerhauzen vurğulayır.
Bununla belə, alimlər etiraf edirlər ki, hər bir müşahidə müəyyən qədər qeyri-müəyyənlik daşıyır. Məsələn, nəzərdən qaçan həyat əlamətləri səbəbindən bir missiya yanlış mənfi nəticələr verə bilər.
Anqerhauzen də deyir ki, diqqətli olunmasa, hətta böyük bir axtarış da yanlış nəticələrə səbəb ola bilər.