
TBİLİSİ, 14 aprel. TELEQRAF
Tbilisidə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin təşkilatçılığı ilə 14 Aprel – Ana dili gününə həsr olunan tədbir keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərasimdə təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze gürcü dilinin qorunub saxlanılmasında və inkişafında müstəsna xidmətləri olan dilçi alimlərə və müəllimlərə fəxri mükafatlar təqdim edib.
Nazir Gürcüstanın qeyri-gürcüdilli əhalisinə gürcü dilinin tədrisinin əsas vəzifələrdən biri olduğunu deyib. O, son üç ildə bu istiqamətdə həyata keçirilmiş bir sıra layihələrin sayəsində nəzərəçarpacaq nəticələrin əldə olunduğunu vurğulayıb.
Mükafata layiq görülən 13 nəfər arasında gürcü dilini tədris edən azərbaycanlı müəllimlər da yer alıb. Onlar Telavi rayonunun Qaracala kənd məktəbinin müəllimi Elza Aşirova, Marneuli rayonunun Qasımlı kənd məktəbinin müəllimi Abil Orucov və Saqareco rayonunun Düzəyrəm kənd məktəbinin müəllimi Qoşqar Quliyevdir.
Qeyd edək ki, Gürcüstanda Ana dili günü 1978-ci il 14 aprel hadisələrinin xatirəsinə təsis olunub. Həmin gün Tbilisidə ana dilinin qorunması ilə bağlı kütləvi çıxışlar olub və onların sayəsində Gürcüstan SSR-nin konstitusiyasında gürcü dili dövlət dili statusunu qoruyub saxlaya bilib.