BAKI, 27 may. TELEQRAF
"2024-cü ildə 55 publik hüquqi şəxsə dövlət büdcəsindən 958,5 milyon manat məbləğində vəsait ödənilib ki, bu da 2023-cü illə müqayisədə 516,4 milyon manat və ya 2,2 dəfə çoxdur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 55 publik hüquqi şəxslərə ödənilən vəsait artıq 1 milyard manata yaxınlaşır, bu baxımdan bu vəsaitlərin də səmərəlliyinin qiymətləndirilməsi və gəlir effektinin hesablanması məqsədəuyğundur:
"2024-cü ildə də ənənəvi olaraq büdcə xərcləmələrində sonuncu rübün və eləcə də dekabr ayının, yəni sonuncu ayın payı müqayisəli olaraq çoxdur. Ötən il büdcə vəsaitinin 17,7 faizi, yəni 6 milyard 674 milyon manat ilin sonuncu ayında xərclənib. Bu isə vəsaitlərin aylar üzrə diferensial səmərəliyi məsələsini daha da aktuallaşdırır. Eyni zamanda, aylar üzrə proqnozlaşdırma ilə icra arasında da əhəmiyyətli kənarlaşmalar müşahidə edilib və bu da fiskal poqnozlaşdırmanın metodologiyasına yenidən baxılmasını da prioritetləşdirir".