BAKI, 18 aprel. TELEQRAF

2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 8115,0 milyon manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd edilir.

Cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 5051,0 milyon manatı və ya 62,2 faizi cari xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 83,9 milyon manat və ya 1,7 faiz çox), 2577,3 milyon manatı və ya 31,8 faizi əsaslı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,8 milyon manat və ya 9,3 faiz çox), 486,7 milyon manatı və ya 6,0 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 601,3 milyon manat və ya 55,3 faiz az) sərf edilib.

Bu ilin 1-cü rübündə sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) faktiki xərclərin 46,3 faizini (ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz-bənd çox) təşkil etməklə 3755,2 milyon manat məbləğində icra olunub.

2025-ci ilin 1-ci rübündə funksional təsnifata uyğun olaraq kənd təsərrüfatı xərcləri 138,9 faiz və ya 334,5 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 130,6 faiz və ya 1241,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 120,8 faiz və ya 2027,9 milyon manat, təhsil xərcləri 104,2 faiz və ya 1029,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 101,3 faiz və ya 126,0 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 98,1 faiz və ya 1032,3 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 93,5 faiz və ya 596,6 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 87,0 faiz və ya 72,0 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 74,8 faiz və ya 281,0 milyon manat, səhiyyə xərcləri 70,2 faiz və ya 279,7 milyon manat, iqtisadi fəaliyyət xərcləri 63,0 faiz və ya 1055,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 52,0 faiz və ya 38,5 milyon manat icra edilib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə müdafiə və milli təhkükəsizlik xərclərinə 48,6 faiz və ya 663,4 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 42,6 faiz və ya 21,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 27,7 faiz və ya 27,3 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 14,4 faiz və ya 156,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərə 9,5 faiz və ya 51,7 milyon manat, təhsil xərclərinə 8,9 faiz və ya 84,4 milyon manat çox vəsait yönəldilib.

2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 16,8 faizi həcmində və ya 451,7 milyon manat vəsait sərf olunub.