BAKI, 18 aprel. TELEQRAF
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 50,9 faizini təşkil etməklə 4957,4 milyon manat olub ki, bu da proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4776,0 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 6,7 milyon manat və ya 0,1 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 213,4 milyon manat və ya 4,7 faiz çoxdur.
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24,2 faizi və ya 1155,7 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 75,8 faizi və ya 3620,3 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 49,6 faizi və ya 572,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 40,7 faizi və ya 471,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 111,7 milyon manatı ABƏŞ-in mənfəət vergisi hesabına olmuşdur.